ABŞ-ın CNN kanalının nəzdində fəaliyyət göstərən “CNN Business” xəbər platformasında “Google”, “Microsoft”, “Twitter” və digər iri şirkətlərin pandemiya dövründə hansı iş rejiminə keçdikləri haqda yazı dərc olunub. Novator.az saytı yazını ingiliscədən çevirərək təqdim edir.
Pandemiya dövründə şirkətlərin tətbiq etdiyi yeni normalar tam şəkildə işçinin rahatlığına hesablanıb. Amma şirkətlərin seçdiyi iş üslubları fərqlənir. Bəziləri tamamilə məsafədən, digərləri isə qarışıq sistemlə işləyir. Hibrid sistemdə əməkdaşlar işin bir hissəsini ofisdə, bir hissəsini də məsafədən yerinə yetirirlər.
Böyük şirkətlərin pandemiya dövründəki fəaliyyətinə nəzər salaq.
“Google” şirkəti
“Google” şirkətinin əməkdaşları 2021-ci ilin sentyabr ayına qədər ofisdə işə çıxası olmayacaqlar. Hətta şirkətdə həftənin bazar ertəsindən cümə gününə kimi də iş rejimi tətbiq olunmayacaq.
Amma “Google” işçilərini sınaqdan keçirmək məqsədilə həftənin ən azı üç günündə onlardan ofisə dəymələrini tələb edir. Buna şirkətdə “Birlik günləri” adını veriblər.
Şirkət birgə və ya qrup şəklində fəaliyyət göstərmək üçün ehtiyat ofis otaqları və açıq sahələr ayırmağı da planlaşdırır.
“Reddit” şirkəti
Baş ofisi San-Fransiskoda yerləşən “Reddit” şirkəti ötən ilin oktyabrında əməkdaşlarının çoxuna evdən və ya ofisdə işləmək seçimi verib.
“Reddit” bəyan edib ki, işçilər yaşayış yerlərini dəyişib, başqa bir yerə köçüb oradan işləmək istəsələr onların maaşları azaldılmayacaq.
“Microsoft” şirkəti
Ötən ilin oktyabr ayından “Microsoft” şirkəti evdən işləməyi bir standart kimi qəbul edib. Şirkətin bununla bağlı açıqlamasında deyilir ki, hədəf biznes tələbatını ödəməklə fərdi iş tərzinə dəstək verməkdir.
“Twitter” şirkəti
“Twitter” hələ 2020-ci ilin may ayından daima evdən işləmək istəyən əməkdaşlara bu imkanı yaradıb.
“Dropbox” şirkəti
2020-ci ilin oktyabrından “Dropbox” şirkəti virtuallaşacağını elan edib. Hazırda tətbiq olunan bu iş üslubu üç minə yaxın əməkdaşın daha çox onlayn şəkildə işləməsini, ofisə əsasən komanda şəklində fəaliyyət tələb olunanda gəlməyi nəzərdə tutur.
Şirkət bu metodu tətbiq etmək üçün özünün müxtəlif ofislərində dəyişikliklər edib, hətta fərdi masalar da ofislərdən çıxarılıb.
“Coinbase” şirkəti
Kriptovalyuta birjası kimi fəaliyyət göstərən “Coinbase” şirkəti də uzaqdan işləmək metoduna üstünlük verir.
Şirkətin həmtəsisçisi və baş direktoru Brayan Armstronq hələ 2020-ci ilin may ayında işçilərə “Kim istəsə uzaqdan işləyə bilər” deyib. Amma ofisdə çalışmaq istəyən əməkdaşlara da imkan yaradılır. Ehtimal olunduğu kimi bir çox işçi hər iki üsulla işləyir.
Brayan Armstronq bildirir ki, məsafədən işləmək əvvəlcə düşüncə tərzində və davranışda dəyişiklik tələb edir: “Bu o deməkdir ki, ofisdə həftənin bir günü, ya beş günü işləməsindən, yaxud ofisə heç gəlməməsindən asılı olmayaraq işin həcmi eyni olmalıdır”.
“Unilever” şirkəti
“Unilever” şirkəti Yeni Zelandiyadakı işçilər üçün tam maaşla dörd günlük iş həftəsini sınaqdan keçirir. Sınaq prosesi 2020-ci ilin dekabrından başlayıb və 2021-ci ilin dekabrına qədər davam edəcək.
Şirkət bu sınaq vasitəsilə işçi qüvvəsində və işin keyfiyyətindəki dəyişiklikləri nəzərdən keçirir.
“REİ” şirkəti
Pərakəndə satışla məşğul olan “REİ” şirkəti 2020-ci ilin yayında məsafədən işləməyə üstünlük verəcəyini açıqladıqdan sonra Vaşinqton ştatının Belvyu şəhərində yeni inşa edilmiş 400 min kvadratmetrlik kompleksini satıb.
Şirkət işçilərin rahat fəaliyyət göstərə bilməsini təmin etmək məqsədilə bir mərkəzi ofis əvəzinə regionlar üzrə bir neçə ofis qurmağı planlaşdırır.
“Nationwide” şirkəti
“Nationwide” sığorta şirkəti 2020-ci ilin aprelindən qarışıq (hibrid) iş modelini seçib. Bu model üzrə işçilər dörd əsas korporativ şəhərcikdəki ofislərdən və evdən işləyirlər.
Mənbə: CNN.com