Əli Kərimli
AXCP sədri
İxtiyarı öz əlində olsaydı, əminəm ki, Qarabağ savaşına könüllü yazılacaqdı. İctimai əsaslarla digər mühafizəçim Ruslan Əmirov kimi.
Gənc cəbhəçi, ictimai əsaslarla mühafizəçim Niyaməddin Əhmədov mərd və mübariz gənclərimizdəndir. 9 aydır qurama və absurd ittihamla həbsdə saxlanır. Həm də necə: həbs ediləndən sonra ağır işgəncələrə məruz qalıb, Azərbaycanda yeganə məhbusdur ki, 9 ay ərzində ailəsi ilə telefon və məktub əlaqəsinə də imkan verilmir. Təbii ki, bu halda ailəsi ilə hər hansı görüşdən də söhbət gedə bilməz.
Niyaməddinin atası Arif Əhmədovun müraciət etmədiyi məhkəmə, qapısını döymədiyi dövlət idarəsi qalmayıb. İstəkləri də adidən adidir: heç olmasa həbsindən 9 ay sonra Niyaməddin bəyin anası oğlunun səsini eşitsin, sağ olduğuna özü şəxsən əmin olsun. Ancaq daşdan səs çıxır, məhkəmələrdən, dövlət idarələrindən yox. Düşmənin hərbi əsirinə göstərilən humanizmdən Niyaməddin bəyə pay düşmür. Təəssüf ki, ona münasibət daha düşməncəsinədir və bu münasibət dəyişmədən davam edir.
Soruşa bilərsiniz bu cavan oğlan nə edib ki, hökumət onunla bu qədər qəddarlıqla davranır? Niyaməddin bəy Milli Şuranın 19 oktyabr 2019-cu il mitinqində düz sona qədər – Respublika sarayının qarşısına qədər mənimlə getmiş gəncdir. Həmin gün mən mitinqə getmək üçün evdən çıxandan həbs olunana qədər polislər ətrafımdakı insanları bir-bir tutub məndən ayırırdı. Yalnız Niyaməddin bəy iki dəfə polislərin əlindən çıxıb yanıma qayıda bilmişdi. Bu cəsurluğu onu xüsusi qara siyahıya saldı.
Ancaq yetər, bu münasibət dəyişməlidir. Niyaməddin bəy elə bir xarakterə malikdir ki, savaşa qatıla bilsəydi, dəfələrlə yaralansa da döyüşməkdə davam edən, indi haqlarında fəxrlə oxuduğumuz igidlərimizdən biri olacaqdı. Hökumət də son savaşda gördü ki, cəsur, qorxmaz, mərd igidlər bu xalqın dayağıdır, qızıl fondudur.
Niyaməddin bəyi, əqidə sahibi olan digər siyasi məhbusları azad edin. Absurd repressiyalarınızla dövləti, milləti zəiflətməyin.
Niyaməddin Əhmədov 2020-ci il aprelin 16-sı Bakıda tutularaq 30 sutka inzibati həbsə məhkum edilib. İnzibati həbs cəzası başa çatandan sonra Niyaməddin Əhmədov terrorçuluğu maliyyələşdirmə ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib.
Cəzası bitən cəbhəçi azadlığa çıxmayıb