ABŞ-ın “Vaşinqton Post” qəzeti yanvarın 6-da Kapitoliyə – Konqres binasına hücumla bağlı redaksiya heyəti adından məqalə dərc edib.
Novator.az-ın məlumatına görə, “Kapitoliyə hücumun səbəbkarı Trampdır. Onu uzaqlaşdırmaq lazımdır” başlıqlı məqalədə deyilir: “Prezident Trampın seçkidə öz məğlubiyyətini qəbul etməməsi və tərəfdarlarını amansızcasına təxribata sürükləməsi yanvarın 6-da ağlasığmaz hadisəyə gətirib çıxardı: amansız bir dəstə ABŞ Konqresinə hücum edərək polisə müqavimət göstərdi və səslərin sayılması məsələsini müzakirə edən deputatları parlamenti tərk etmək məcburiyyətində qoydu. Bu təxribat aktına görə məsuliyyət bütünlüklə prezidentin üzərinə düşür. Tramp göstərdi ki, onun prezident postunda qalması ABŞ demokratiyası üçün böyük təhlükədir. Onu bu postdan uzaqlaşdırmaq lazımdır”.
“Vaşinqton Post”un redaksiya məqləsində bildirilir ki, adamların Konqres binasına hücumunun əsl təşkilatçısı Trampdır, çünki o, tərəfdarlarını 2020-ci il seçkisinin nəticələrinin saxtalaşdırıldığına inandırmağa çalışıb, eyni zamanda onları yanvarın 6-da Konqres binası önünə toplaşmağa və sərt davranmağa çağırıb.
Trampın postunu tərk etməsinə sayılı günlər qalsa da, “Vaşinqton Post” qəzeti hesab edir ki, o, elə indi vəzifədən uzaqlaşdırılmalıdır: “Prezident qarşıdakı 14 gündə öz postunda qala bilməz. Onun bu vəzifədə oturduğu hər saniyə hələ də geniş prezident səlahiyyətlərinə malik olması deməkdir. Bu, ictimai asayiş və milli təhlükəsizlik üçün təhdiddir”.
Qəzet vitse-prezident Maykl Pensi hakimiyyəti öz üzərinə götürməyə çağırır: “Pens yeni seçilmiş prezident Cozef Baydenin yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə qədər prezident səlahiyyətlərini yerinə yetirməlidir. Trampın Ağ evdə olduğu hər an ölkəni təhlükəyə atır”.
Yanvarın 6-da ABŞ Konqresi prezident seçkisi ilə bağlı yekun qərar verməli, Senat və Nümayəndələr Palatasının iclasında Demokratlar Partiyasından Cozef Baydenin qələbəsi təsdiqlənməli idi. Lakin həmin gün prezident Donald Trampın bir qrup tərəfdarı paytaxt Vaşinqtonda yerləşən Konqresin binasını ələ keçirərək bu prosesi pozub. Həm Konqresdə, həm şəhər boyu polislə qarşıdurma yarandığı üçün paytaxtda komendant saatı elan edilib.
İğtişaşlar zamanı ən azı 4 nəfər həlak olub. Polis atəş açarkən onlardan biri yerindəcə keçinib. Digər üç nəfər təcili yardıma götürülsə də, onların həyatını xilas etmək mümkün olmayıb. Polis rəsmiləri deyiblər ki, həm hüquq mühafizə qüvvələri, həm də Konqresə hücum edənlər müxtəlif kimyəvi vasitələrdən yararlanıblar. Eyni zamanda hücumçulardan ən azı 5 odlu silah müsadirə edildiyi bildirilir.
İğtişaşların 50-dən çox iştirakçısı həbs olunub.
2020-ci il noyabrın 3-də keçirilmiş ümumxalq səsverməsində Cozef Bayden 538 nəfərlik Seçicilər Kollegiyasına 306, Respublikaçılar Partiyasının namizədi olan Donald Tramp 232 nümayəndə qazanıb. Qələbə üçün 270 səs kifayətdir.
Dekabrın 14-də Seçicilər Kollegiyasında səsvermə də Cozef Baydenin qələbəsi ilə başa çatıb – 306: 232.
Donald Tramp və tərəfdarları bir çox ştatda seçkinin nəticələrinin saxtalaşdırıldığını iddia edir.
Mənbə: Washingtonpost.com