ABŞ-ın “Nyu-York Tayms” qəzeti yanvarın 6-da Konqres binasına edilən hücuma, baş verən iğtişaşlara, tökülən qana görə prezident Donald Trampı günahlandırır və onu dərhal postundan uzaqlaşdırmağa çağırır.
Novator.az saytı xəbər verir ki, bununla bağlı qəzetdə redaksiya adından məqalə dərc olunub.
Məqalədə deyilir ki, adamları bu hücuma Tramp təhrik edib: “O, neçə vaxtdır noyabrda keçirilən prezident seçkisinin nəticəsinə, seçicilərin qərarına etiraz edir, öz tərəfdarlarını Vaşinqtonda toplaşmağa və Kapitoliyə (Konqresin binasına) yürüş etməyə səsləyir. O, tərəfdarlarına səslərin oğurlandığı fikrini aşılayır və onları savaşmağa çağırır. Bu, öz prezident səlahiyyətlərini yerinə yetirmək istəməyən və ya özünü ələ ala bilməyən bir insanın hərəkətidir. Prezident ya impiçment olunmalı, ya da cinayət məsuliyyətinə cəlb edilməlidir. Bu, onun zorakılıq törədən tərəfdarlarına da aiddir”.
“Nyu-York Tayms”ın redaksiyası hesab edir ki, baş verənlər sadəcə 2020-ci il seçkisinin nəticəsinə hücum deyil: “Bu həm də gələcək seçkilərin nəticələrinə qəsd etmək üçün verilmiş bir fərmandır. Belə addımlar qəti şəkildə rədd olunmalı, yolverilməz davranış qaydası kimi təsbit edilməlidir”.
Redaksiya məqaləsində vurğulanır ki, tək prezident yox, onun üzv olduğu Respublikaçılar Partiyasının bütün liderləri Kapitoliyə hücuma görə məsuliyyət daşıyırlar: “Hazırkı Respublikaçılar Partiyası sistematik şəkildə səsləri boğur, uduzduğu seçkinin legitimliyini tanmaqdan imtina etməklə seçki hüquqlarını pozur, öz siyasi gücünü qorumağa çalışır. Yanvarın 6-da baş verən qiyam onların bu məqsədə zor gücünə çatmaq istəyindən xəbər verir”.
Daha sonra məqalədə deyilir: “2021-ci il yanvarın 6-sı qara gün kimi yadda qalacaq. Trampın hakimiyyət dövrü sona çatmaqda olsa da, Amerikanın bundan sonra hansı mərhələyə qədəm qoyacağı hələ sual altındadır. Təhlükənin reallığı göz qabağındadır”.
Mənbə: Nytimes.com