Yanvarın 7-də ABŞ Konqresi prezident seçkisi ilə bağlı yekun qərar verib.
Novator.az saytı ABŞ-ın “Associated Press” agentliyinə istinadla xəbər verir ki, Senat və Nümayəndələr Palatasının birgə iclasında Seçicilər Kollegiyasındakı səsvermənin nəticəsi – Demokratlar Partiyasından Cozef Baydenin prezident seçilməsi təsdiqlənib.
2020-ci il noyabrın 3-də keçirilmiş ümumxalq səsverməsində Cozef Bayden 538 nəfərlik Seçicilər Kollegiyasına 306, Respublikaçılar Partiyasının namizədi olan prezident Donald Tramp 232 nümayəndə qazanıb. Seçicilər Kollegiyasındakı 14 dekabr 2020-ci il səsverməsi də 306:232 səs nisbəti ilə Cozef Baydenin xeyrinə yekunlaşıb. Qələbə üçün 270 səs kifayətdir.
ABŞ Konqresindəki səsvermə ilə seçki prosesi yekunlaşmış sayılır.
Yanvarın 20-də Cozef Bayden and içib prezident səlahiyyətlərinin icrasına başlamalıdır.
Konqresdə səsvermə yanvarın 6-da olmalı idi. Lakin Donald Tramp və tərəfdarları bir çox ştatda seçkinin nəticələrinin saxtalaşdırıldığını iddia edir. Ona görə də yanvarın 6-da Trampın bir qrup tərəfdarı paytaxt Vaşinqtonda Konqresin binasına hücum çəkib. Onlar binanı ələ keçirərək səsvermə prosesini pozublar. Həm Konqresdə, həm şəhər boyu polislə qarşıdurma yarandığı üçün paytaxtda komendant saatı elan edilib.
İğtişaşlar zamanı ən azı 4 nəfər həlak olub, 50-dən çox adam həbs edilib.
Konqresin yuxarı palatası olan Senatda Respublikaçılar Partiyasının 51, Demokratlar Partiyasının 46 nümayəndəsi var.
Alt qanadda – Nümayəndələr Palatasında demokratlar 222, respublikaçılar 211 konqresmenlə təmsil olunur.
Cozef Bayden 1942-ci il noyabrın 20-də Pensilvaniya ştatının Skrenton şəhərində doğulub.
1965-ci ildə Delaver Universitetini tarix və politologiya ixtisasları ilə, 1968-ci ildə Sirakus Universitetinin Hüquq Məktəbini bitirib.
Bir müddət hüquqşünas kimi fəaliyyət göstərən Cozef Bayden 1972, 1978, 1984, 1990, 1996, 2002 və 2008-ci illərdə ABŞ Konqresinin yuxarı palatası olan Senatın üzvü seçilib.
1987-1995-ci illərdə Senatın Məhkəmə Komitəsinə, 2001-2003 və 2007-2009-cu illərdə Xarici Əlaqələr Komitəsinə sədrlik edib.
2009-2017-ci illərdə – Barak Obamanın prezidentliyi dövründə vitse-prezident postunu tutub.
Cozef Baydenin ilk həyat yoldaşı 1972-ci ildə qızı ilə birlikdə avtomobil qəzasında həlak olub. Həmin nikahdan Cozef Baydenin bir oğlu var. Onun digər oğlu 2015-ci ildə vəfat edib.
1977-ci ildə yenidən ailə quran Cozef Bayden ikinci nikahdan bir qız atasıdır.