ABŞ-ın CNN kanalı prezident Donald Trampı dərhal postundan uzaqlaşdırmağa və vitse-prezident Maykl Pensi hakimiyyət yeni seçilmiş prezident Cozef Baydenə ötürülənədək dövlət başçısı səlahiyyətlərini öz üzərinə götürməyə çağırır.
Novator.az-ın məlumatına görə, CNN kanalının internet səhifəsində belə bir çağışla, “Vitse-prezident Pens, Trapmı dərhal uzaqlaşdırın” başlığı altında dərc olunan məqalədə deyilir ki, Donald Tramp iki həftəyə – yanvarın 20-də prezident postunu tərk edəcək, amma onun hakimiyyətdə qaldığı hər gün millətin ziyanınadır: “Getdikcə ziyanları aradan qaldırmaq daha da çətinləşir. Trampın hakimiyyətdə olduğu hər gün onun havadarlarının yeni ziyankar hərəkətlərinə yol açır. Nələrin baş verə biləcəyini düşünən insanların “vətəndaş müharibəsi” kimi bir termini işlətməsi artıq təəccüblü görünmür. Amma xoşbəxtlikdən hazırda bundan yayınmaq mümkündür”.
Məqalədə bildirilir ki, yanvarın 6-da Tramp tərəfdarlarının Kapitoliyə – Konqres binasına hücumunu bütün dünya izlədi: “Kapitolinin nüfuzu darmadağın oldu. Ölkə 250 illik tarixinin ən ciddi sınaqlarından birini yaşayır. Görəsən, demokratiya duruş gətirə biləcəkmi?”
Məqalədə ABŞ-ın dövlət çevirilişinə cəhd təhlükəsi ilə üz-üzə olduğu vurğulanır və vitse-prezident Pens açıq mətnlə hakimiyyəti öz üzərinə götürməyə çağırılır: “Vitse-prezident Pens, Trapmı dərhal uzaqlaşdırın”.
Yanvarın 6-da ABŞ Konqresi prezident seçkisi ilə bağlı yekun qərar verməli, Senat və Nümayəndələr Palatasının iclasında Demokratlar Partiyasından Cozef Baydenin qələbəsi təsdiqlənməli idi. Lakin həmin gün prezident Donald Trampın bir qrup tərəfdarı paytaxt Vaşinqtonda yerləşən Konqresin binasını ələ keçirərək bu prosesi pozub. Həm Konqresdə, həm şəhər boyu polislə qarşıdurma yarandığı üçün paytaxtda komendant saatı elan edilib.
İğtişaşlar zamanı ən azı 4 nəfər həlak olub. Polis atəş açarkən onlardan biri yerindəcə keçinib. Digər üç nəfər təcili yardıma götürülsə də, onların həyatını xilas etmək mümkün olmayıb. Polis rəsmiləri deyiblər ki, həm hüquq mühafizə qüvvələri, həm də Konqresə hücum edənlər müxtəlif kimyəvi vasitələrdən yararlanıblar. Eyni zamanda hücumçulardan ən azı 5 odlu silah müsadirə edildiyi bildirilir.
İğtişaşların 50-dən çox iştirakçısı həbs olunub.
2020-ci il noyabrın 3-də keçirilmiş ümumxalq səsverməsində Cozef Bayden 538 nəfərlik Seçicilər Kollegiyasına 306, Respublikaçılar Partiyasının namizədi olan Donald Tramp 232 nümayəndə qazanıb. Qələbə üçün 270 səs kifayətdir.
Dekabrın 14-də Seçicilər Kollegiyasında səsvermə də Cozef Baydenin qələbəsi ilə başa çatıb – 306: 232.
Donald Tramp və tərəfdarları bir çox ştatda seçkinin nəticələrinin saxtalaşdırıldığını iddia edir.
Mənbə: CNN.com