Prezident İlham Əliyev yanvarın 6-da keçirdiyi müşavirədə işğaldan azad olunmuş bölgələr üzrə planlardan söz açıb. O deyib ki, azad edilmiş torpaqlarda ilkin infrastruktur layihələrinin icrası başlayıb: “Birinci layihə Şuşa şəhərinə yol layihəsidir. Çünki Şuşa şəhərinə ənənəvi yollar hazırda bizim üçün o qədər də məqbul deyil. Düzdür, biz bu yollardan istifadə edirik. Ancaq biz bu yollardan Rusiyanın sülhməramlı qüvvələrinin müşayiəti ilə istifadə edirik – həm Laçın dəhlizindən, həm də Qırmızı Bazar ərazisindən. Gələcəkdə bu yollardan da sərbəst şəkildə istifadə edəcəyik, o cümlədən Ağdam-Xankəndi-Şuşa yolundan. Noyabrın 10-da imzalanmış bəyanatda göstərilir ki, bütün kommunikasiyalar açılacaq və müəyyən müddətdən sonra bu yollardan getmək də problemli olmayacaq.
Ancaq bu gün Şuşa şəhərinə getmək üçün yeni yol çəkilişi mütləq lazımdır və biz bu sahədə işlərə artıq start vermişik. O, çox çətin layihədir, relyef də çox çətindir və xüsusilə indi hava şəraiti də imkan vermir. Ancaq Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa yolu inşa olunur və hesab edirəm ki, nəzərdə tutulmuş qrafikdən daha tez bir zamanda inşa ediləcək.
Digər vacib layihəyə də start verilib. Bu, Toğanalı-Kəlbəcər yoludur, çox çətin relyefdən keçən bir yoldur. Bəzi yerlərdə yüksəklik 3500 metr olduğuna görə qış aylarında bu yoldan istifadə etmək çox çətindir. Ona görə tunellərin tikintisi nəzərdə tutulur, müvafiq göstərişlər verilib və bu layihə də icra edilir.
Eyni zamanda göstəriş verilib ki, Horadizdən Zəngilana, oradan Qubadlıya və oradan da Laçın rayonuna qədər yol çəkilsin və hazırlıq işləri gedir. Toğanalıdan Kəlbəcərə çəkiləcək yol Laçın rayonuna da davam etdiriləcək. Beləliklə biz iki tərəfdən, – həm şimaldan, həm cənubdan Laçın və Kəlbəcər rayonlarına yol-nəqliyyat infrastrukturu yaradacağıq.
Eyni zamanda mənim göstərişimlə Laçın və ya Kəlbəcər rayonlarının ərazisində müasir beynəlxalq hava limanının tikilməsi üçün yer axtarılır. Düzdür, orada relyef çox çətindir və demək olar ki, ərazilərin mütləq əksəriyyəti dağlıq ərazilərdir. Orada düz yer tapmaq çətindir, amma indi araşdırmalar gedir, ümid edirəm ki, yaxın gələcəkdə mənə məlumat veriləcək. Beləliklə, ya Laçın, ya da Kəlbəcər rayonunda yeni beynəlxalq hava limanı tikiləcək.
Füzuli şəhərində isə beynəlxalq hava limanının tikintisinə artıq az vaxt qalıb. Göstəriş verilib, yaxın gələcəkdə inşaat başlanacaq və bu il Füzuli şəhərində, – şəhərdən indi əsər-əlamət qalmayıb, – yaxud da ki, o ərazidə beynəlxalq aeroport fəaliyyətə başlayacaq. Bu həm Qarabağ bölgəsinin inkişafı üçün lazımdır, çünki bütün növ təyyarələr enə biləcək – həm Füzulidə, həm Kəlbəcər-Laçın zonasında. Eyni zamanda Şuşaya gəlmək istəyən xarici qonaqlar rahat Füzuliyə enib, oradan avtomobillə Şuşaya gedəcəklər.
Hesab edirəm ki, iki beynəlxalq aeroport Qarabağ zonasını bərpa etmək, yüklərin daşınması, turizmin inkişafı üçün bizə kömək göstərəcək. Eyni zamanda insanlar oraya qayıdandan sonra onların rahatlığı üçün də bunun böyük əhəmiyyəti olacaq”.
Dövlət başçısı qeyd edib ki, Horadiz-Füzuli və ondan sonra Füzuli-Şuşa dəmir yolunun tikintisi də nəzərdə tutulur: “Gərək bunun icra cədvəli təsdiq edilsin. Şuşaya vətəndaşlar qayıdandan sonra, əlbəttə ki, bu yol istismara veriləcək. Amma hər hala indi layihələndirmə işləri gedir, maliyyə vəsaiti də ayrılmalıdır. Şuşaya rahat gediş-gəlişi təmin etmək üçün mütləq dəmir yolu da çəkilməlidir. Bu il bu layihəyə start veriləcək.
Eyni zamanda, Horadiz-Ağbənd dəmir yolu da, – Ağbənd Zəngilan rayonunda Ermənistan sərhədinə yaxın olan qəsəbədir, – yenidən tikiləcək. Çünki mənfur düşmən bu yolu dağıdıb və tamamilə sıradan çıxarıb. Naxçıvan dəhlizini açmaq üçün bu yol xüsusi əhəmiyyət daşıyır. Hazırda Naxçıvan dəhlizinin açılması üçün konkret işlər gedir. Mən hadisələri qabaqlamaq istəmirəm, amma bu dəhlizin açılması noyabrın 10-da imzalanmış bəyanatda öz əksini tapıb. Ona görə bu mütləq açılacaq və bölgəyə yeni imkanlar gətirəcək. Bu yoldan həm Azərbaycan, həm Türkiyə, həm Rusiya, həm Ermənistan, həm də İran istifadə edəcək. Bu yol gələcəkdə çoxtərəfli əməkdaşlıq üçün xüsusi əhəmiyyətə malikdir.
Biz öz ərazimizdə Horadiz-Ağbənd dəmir yolunun tikintisinə başlayacağıq. Bununla paralel olaraq Naxçıvan Muxtar Respublikasında dəmir yolunun bərpası və müasirləşdirilməsi istiqamətində də işlər aparılacaq. Nəzərə alsaq ki, Ermənistan dəmir yolları Rusiya dəmir yollarının mülkiyyətindədir, bizim tərəf müqabilimiz, əlbəttə, Rusiyadır. Biz bu məsələni Rusiya ilə müzakirə edirik. İlkin müzakirələr müsbətdir”.