ABŞ Konqresinə hücum ən azı 4 nəfərin həlak olması ilə nəticələnib. Novator.az saytı ABŞ-ın “Associated Press” agentliyinə istinadla xəbər verir ki, polis atəş açarkən onlardan biri yerindəcə keçinib. Digər üç nəfər təcili yardıma götürülsə də, onların həyatını xilas etmək mümkün olmayıb.
Polis rəsmiləri deyiblər ki, həm hüquq mühafizə qüvvələri, həm də Konqresə hücum edənlər müxtəlif kimyəvi vasitələrdən yararlanıblar. Eyni zamanda hücumçulardan ən azı 5 odlu silah müsadirə edildiyi bildirilir.
İğtişaşların 50-dən çox iştirakçısı həbs olunub.
Yanvarın 6-da ABŞ Konqresi prezident seçkisi ilə bağlı yekun qərar verməli, Senat və Nümayəndələr Palatasının iclasında Demokratlar Partiyasından Cozef Baydenin qələbəsi təsdiqlənməli idi. Lakin həmin gün prezident Donald Trampın bir qrup tərəfdarı paytaxt Vaşinqtonda yerləşən Konqresin binasını ələ keçirərək bu prosesi pozub. Həm Konqresdə, həm şəhər boyu polislə qarşıdurma yarandığı üçün paytaxtda komendant saatı elan edilib.
2020-ci il noyabrın 3-də keçirilmiş ümumxalq səsverməsində Cozef Bayden 538 nəfərlik Seçicilər Kollegiyasına 306, Respublikaçılar Partiyasının namizədi olan Donald Tramp 232 nümayəndə qazanıb. Qələbə üçün 270 səs kifayətdir.
Dekabrın 14-də Seçicilər Kollegiyasında səsvermə də Cozef Baydenin qələbəsi ilə başa çatıb – 306: 232.
Donald Tramp və tərəfdarları bir çox ştatda seçkinin nəticələrinin saxtalaşdırıldığını iddia edir.
Mənbə: Apnews.com