Prezident İlham Əliyev yanvarın 5-də mədəniyyət naziri Anar Kərimovu video formatında qəbul edib.
Anar Kərimov İlham Əliyevin həmin gün imzaladığı sərəncamla mədəniyyət naziri təyin olunub. O, 2020-ci il iyulun 20-də mədəniyyət nazirinin birinci müavini postuna gətiriləndən nazir səlahiyyətlərinin icraçısı idi.
AZƏRTAC xəbər verir ki, dövlət başçısı nazirə işğaldan azad olunmuş ərazilərlə bağlı da tapşırıqlar verib: “Azad edilmiş torpaqlarda hər tərəf dağıdılıb. Amma bəzi tikililər, bəzi evlər var ki, orada ermənilər yaşayıb. Adam baxanda məəttəl qalır ki, orada insanlar necə yaşayıblar? Elə bil ki, it damıdır. Ermənistan rejimi bu adamları faktiki olaraq belə səfalət içində, belə yoxsulluq içində girov kimi saxlayaraq məcbur edirdi ki, orada yaşasınlar. Məcbur edirdi! Kimin imkanı var, qaçıb gedirdi. Ona görə mən həmişə deyirdim ki, müharibədən əvvəl orada – işğal edilmiş torpaqlarda yaşayan erməni əhalisinin real sayı təqribən 60 min ətrafında idi. Onları da güc-bəla ilə orada saxlayırdılar ki, qanunsuz məskunlaşma getsin.
Dağıdılmış ərazilərdə mədəni obyektlərin, mədəniyyət ocaqlarının bərpası başlıca vəzifələrdən biridir. Artıq operativ qərargaha (Əlaqələndirmə Qərargahı yaradıldı) bu məsələ ilə bağlı göstəriş verildi. Siz də orada təmsil olunursunuz. Dağıdılmış bütün tarixi abidələrimiz, mədəniyyət ocaqlarımız gərək siyahıya alınsın. Onların əvvəlki görüntüsü gərək təqdim edilsin. Onların bərpası, yaxud da yenidən qurulması onların ilkin, yəni autentik simasını pozmamalıdır.
Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır. Şuşanın bərpası ilə əlaqədar işlərə artıq start verildi. Mənim göstərişimlə böyük heyət oraya ezam edildi. Yaşayış fondunun, tarixi abidələrin təftişi aparılmalı, vurulmuş ziyan dəqiq hesablanmalıdır və biz Şuşa şəhərinin restavrasiyasına başlamalıyıq. Ancaq yenə də vaxt itirmədən, ancaq eyni zamanda tələsmədən Şuşanın ilkin siması, tarixi siması bərpa edilməlidir.
O cümlədən Şuşada yerləşən məscidlərimiz əsaslı şəkildə təmir edilməlidir, bərpa olunmalıdır, onların öz siması qaytarılmalıdır. Ermənilər bizim 60-dan çox məscidi məhv ediblər.
Biz bütün tarixi abidələrimizi bərpa edəcəyik. Şuşa şəhərində ermənilər bir məscidi guya təmir etdirmək istəyiblər. O da sadəcə olaraq təbliğat xarakterli bir addım idi.
Məscidin tarixi siması dəyişdirilib. Ona görə mən sizə tapşırıq verirəm, o məscidin daxili tərtibatına yenidən baxmaq lazımdır. O təmir bizə lazım deyil. Biz oranı yenidən təmir etdirəcəyik, ona öz simasını qaytaracağıq. Ondan sonra o açılacaq.
Şuşada Vaqif poeziya günləri bərpa edilməlidir. Vaqif poeziya günləri ənənəvi olaraq keçirilirdi. Yadımdadır, mən də atamla birlikdə Vaqif poeziya günlərində olmuşam. Vaqifin məqbərəsinin açılışında olmuşam, o qarlı-şaxtalı havada. İndi Vaqifin məqbərəsini görəndə adamın ürəyi ağrıyır. Nə qədər vəhşilik ola bilər? Nə qədər qəddarlıq ola bilər?
Şuşada Vaqif poeziya günləri bərpa edilməlidir, “Xarı bülbül” festivalı bərpa olunmalıdır.
İndi Şuşaya yeni yol çəkilir. Düzdür, bu yol çox çətin relyefi olan ərazidə çəkilir. Amma biz buna nail olacağıq. Planlaşdırın, bu il bu iki tədbir Şuşa şəhərində keçirilməlidir -“Xarı bülbül” festivalı və Vaqif poeziya günləri.
Mənim göstərişimlə Füzulidə beynəlxalq aeroport tikiləcək. Artıq göstəriş verildi. İndi yerlər seçilir. Minalardan təmizləmə işləri aparılacaq. Mən göstəriş vermişəm, bu il Füzulidə beynəlxalq hava limanı yaradılmalıdır, hər halda uçuş-enmə zolağı istifadəyə verilməlidir. Oradan Şuşaya məsafə də yaxındır. Çünki vaxtilə sovet dövründə Şuşaya ya gərək Xankəndidən gedəydin, ya da Laçın dəhlizi ilə. İndi isə biz yeni yol açırıq. Əlbəttə, o yollar da var və bizim vətəndaşlar, bu gün orada təmir-bərpa işlərini aparanlar bu yollardan istifadə edirlər – Ağdam-Xankəndi-Şuşa yolu və Laçın dəhlizi. Yəni bu yollar bizim üçün açıqdır. Biz nə vaxt istəsək oraya getməliyik, gəlməliyik və elə də olacaq. Ancaq Füzuli beynəlxalq aeroportunun tikilməsi xarici qonaqların Şuşaya dəvət edilməsi üçün imkanlar yaradacaq. Çünki oraya gəlib ondan sonra qısa müddət ərzində Şuşaya getmək mümkün olacaq.
Azad edilmiş torpaqlarda bütün mədəni obyektlərin siyahısı hazırlanmalıdır. Onlar onsuz da var idi, amma indi onlara yerində baxmalıyıq, onların vəziyyətinə baxmalıyıq ki, onları sonra bərpa edək. Ancaq ilk növbədə onların təftişi, kvalifikasiyası aparılmalı və beynəlxalq şirkətləri dəvət etməklə onların bütün siyahısı tərtib edilməlidir”.