Amerikalı alimlər koronavirus infeksiyasının beyinə təsirini araşdırıblar.
Novator.az saytı Böyük Britaniyanın “Daily Mail” nəşrinə istinadla xəbər verir ki, Vaşinqton Universitetində aparılan tədqiqat insan beyninin koronavirusa yoluxa biləcəyini üzə çıxarıb. Bu, virusun təsiri nəticəsində zülalların beyin toxumasındakı hematoensefalik baryeri aşa bilməsi ilə izah olunur.
Hematoensefalik baryer – baş və onurğa beyindəki qan damarlarını örtən qalın hüceyrə qatıdır. Bu sədd beyinlə digər orqanlar arasında süzgəc rolunu oynayır. Hematoensefalik baryer əsas qida maddələrinin beyinə daxil olmasına imkan verir, zəhərli maddələri və zülalları isə beyinə buraxmır.
Vaşinqton Universitetinin alimləri müəyyən edirblər ki, koronavirus öz səthində mövcud olan sünbül zülallardan istifadə etməklə siçanların beynində hematoensefalik səddi aşır və virusu ora daşıyır. Alimlər bu prosesin insanlarda da baş verəcəyini ehtimal edirlər. Onlar koronavirus infeksiyasının insanda başağrısı, beyin dumanlanması və ya qıcolma kimi simptomlarının məhz bununla əlaqdar ola biləcəyini söyləyirlər.
“Daily Mail” qeyd edir ki, insan COVİD-19 infeksiyasına yoluxanda onun immun sistemi sünbül zülalları aşkar edir və onlara hücum edir. Bu isə iltihabın yaranmasına səbəb olur, çünki proses zamanı bəzən sağlam hüceyrələr də zədələnir. Koronavirus infeksiyası adətən ağ ciyər və tənəffüs orqanlarını sıradan çıxarır, ona görə də bu xəstəlik əsasən öskürək və təngnəfəslik yaradır.
Amerikalı tədqiqatçılar bəzi pasiyentlərdə sünbül züllaların beyinə də soxulduğunu və iltihab yaratdığını düşünürlər. Alimlər nevroloji travmanın uzun sürəcəyi haqda xəbərdarlıq edirlər. Onlar bunun yeganə hal olmadığını və HİV-ə yoluxmuş xəstələrin də virusun ifraz etdiyi zülal səbəbindən oxşar problemlərdən əziyyət çəkdiyini vurğulayırlar.
Vaşinqton Universitetinin aparıcı tədqiqatçısı, tibb professoru Vilyam Benks HİV və COVİD-19 viruslarının beyinə təsirini belə izah edir: “Yəqin S1 zülalı (sünbül zülal) beyni sitokinlər və iltihab məhsulları ifraz etməyə məcbur edir. Koronavirusa yoluxmuş insanın tənəffüsündə problem yaranır, çünki infeksiya ağ ciyərə daxil olur. Əlavə izah ondan ibarətdir ki, virus beyinin də nəfəs mərkəzlərinə daxil olur və orada problemlər yaradır”.
Mənbə: Dailymail.co.uk