Son bir həftədə ABŞ-da hər gün koronavirusdan orta hesabla 2637 adam ölüb. Bu, orta hesabla hər 33 saniyədə bir nəfərin koronavirusdan ölməsi deməkdir.
Novator.az saytı xəbər verir ki, statistikanı CNN kanalı açıqlayıb.
Kanal bildirib ki, ABŞ-da pandemiyanın ən ölümcül ayı ötən ay, yəni 2020-ci ilin dekabrı olub. Həmin ay ölkədə 77 min 572 nəfər koronavirusdan dünyasını dəyişib.
Bir həftədir ABŞ-da hər gün orta hesabla 213 min 437 nəfər koronavirusa yoluxur. Bu, infeksiyaya yoluxma sayının əvvəlki həftə ilə müqayisədə 16% artması deməkdir. Mütəxəssislər artımın əsas səbəbi kimi adamların Yeni il bayramı münasibətilə bir yerə toplaşmasını göstərirlər.
Yoluxma artsa da, son bir həftədə testlərin sayı 11.65% azalıb. Buna da səbəb bayramdır: bayrama görə bir sıra klinikalar fəaliyyətini faktiki olaraq dayandırıb.
Son həftədə ABŞ-ın beş ştatında koronavirus testlərinin 40%-dən çoxu pozitiv nəticə verib. Həmin ştatların dördündə xəstəxanaların demək olar heç birində boş çarpayı qalmayıb.
ABŞ koronavirusa yoluxanların və bu infeksiyadan ölənlərin sayına görə dünyada ilk yerdədir. Bu ölkədə indiyədək 21 milyon 354 mindən çox adam koronavirusa yoluxub, onların 362 mindən çoxu vəfat edib.
2019-cu ilin dekabrında Çində üzə çıxan koronavirus infeksiyasına indiyədək dünyanın 220 ölkə, ərazi və məkanında 86 milyon 247 mindən çox adam yoluxub, onlardan 1 milyon 863 mindən çoxu vəfat edib.
Mənbə: CNN.com