Mərkəzi Bank 2020-ci il dekabrın 1-nə əmanət məbləğini 7 milyard 908,2 milyon manat göstərib. 2020-ci ilin əvvəlinə 8 milyard 637,9 milyon manatlıq əmanət qeydə alınmışdı. 11 ayda əmanətlər 729,7 milyon manat azalıb.
Novator.az-ın məlumatına görə, iqtisadçı Rövşən Ağayev yazır ki, əhalinin banklardakı əmanətlərinin məbləği insanların imkanları barədə real informasiya verməyə bilər: “Çünki bir sıra səbəblərdən, xüsusilə bank sektoruna inamsızlıq, məzənnə riski, siyasi risklər üzündən insanlar öz sərbəst yığımlarını daha çox evdə saxlamağa vadar olur. Amma əmanətlərin məbləği ilə insanların imkanları arasında əlaqənin olmadığını demək də mümkünsüzdür. Xüsusilə də nəzərə alanda ki, sığorta mexanizmi var, faizlər kifayət qədər yüksəkdir deyə depozitlərə maraq olmalıdır. Ən azından müddətsiz (tələb olunanadək) formada depozitlər insanlar üçün cəlbedici ola bilər”.
Ekspert qeyd edir ki, Azərbaycanda əhali əmanətlərinin adambaşına məbləği 465 dollara bərabərdir, yaxın ölkələr isə həmin göstəriciyə görə belə sıralanır:
Rusiya – 2900 dollar
Qazaxıstan – 1450 dollar
Belarus – 1150 dollar
Ermənistan – 1090 dollar
Ukrayna – 420 dollar
Gürcüstan – 325 dollar.
2016-cı ildən qüvvədə olan “Əmanətlərin tam sığortalanması haqqında” qanunun tətbiq müddəti 2021-ci il aprelin 5-də bitir.
Hazırda tam sığortalanma qaydası illik faiz dərəcəsi milli valyutada 12 faizdən, xarici valyutada 2,5 faizdən yüksək olmayan əmanətləri əhatə edir.
“Əmanətlərin sığortalanması haqqında” qanuna əsasən, 5 aprel 2021-ci ildən fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləği 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) artırılır.