Azərbaycanda uşağın doğulmasına 200 manat birdəfəlik müavinət düşür. 18 yaşa qədər şəxslərə hər ay uşaq pulunun verilməsi 2006-cı ildən, ünvanlı sosial yardım tətbiq ediləndən dayandırılıb.
Novator.az-ın məlumatına görə, iqtisadçı, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu yazır ki, 2021-ci ilin dövlət büdcəsində yenə də uşaq pulu ödənməsi üçün vəsait nəzərdə tutulmayıb: “Yeganə olaraq şəhidlərin uşaqları üçün müavinət xərclərində 19 faiz, müddətli hərbi xidmətdə olanların uşaqları üçün müavinət xərclərində 18 faiz artım proqnozlaşdırılır. Şəhid ailələrində böyüyən 16 yaşınadək uşaqlara 21 manat, müddətli xidmətdə olan hərbi qulluqçuların ailəsində böyüyən 16 yaşınadək uşaqlara 15 manat aylıq ödəniş edilir. 2021-ci ilin büdcəsində nəzərdə tutulan artım bu məbləğləri dəyişməyəcək, məbləğ yeniliyi şəhidlərin və müddətli hərbi qulluqda olanların sayının artımı ilə bağlı yaranmış xərcləri maliyyələşdirmək üçündür.
Yeri gəlmişkən, gələn ilin büdcəsində dövlət qulluqçularının, təhsil və səhiyyə işçilərinin maaşlarının artımı üçün də vəsait nəzərdə tutulmayıb. Lakin pensiyalar artırıla bilər.
Uşaq pulu məsələsinə gəlincə, Azərbaycanda bu problemin günahı valideynlərdədir. Biz valideynlər haqlarımız uğrunda mübariz olmadığımıza görə uşaqlarımız hələ də yarımçıq və keyfiyyətsiz təhsil alır, onların icbari tibbi sığortası yoxdur, övladlar normal qidalana və sosial-iqtisadi tərəqqinin nailiyyətlərindən faydalana, yeni nəsil telefon və kompüter avadanlıqları əldə edə bilmirlər. Çünki biz valideynlər uşaqlarımızın layiq olduğunu hakimiyyətdən ala bilmirik. Haqq etdiyimizlə müqayisədə əldə etdiyimiz çox azdır. Bunun əsas səbəbi odur ki, biz uşaqlar üçün lazım olanları hakimiyyətdən tələb etmirik.
Uşaq pulu da həmin siyahıdadır. Biz almasaq, hakimiyyət bizim uşaqlara heç vaxt uşaq pulu verməyəcək. Belə olanda da uşaqlar inkişafdan geri qalacaqlar. Təəssüf ki, layiq olmadığımıza razılaşaraq, susqunluğumuzla ölkənin gələcəyini də kor edirik”.
Qubad İbadoğlu onu da yazır ki, Azərbaycan torpaqlarında qurulmuş qondarma Dağlıq Qarabağ rejimi 2021-ci il yanvarın 1-dən hər doğulan uşağa 300 min dram (575 dollar) müavinət verəcək: “Əgər onların valideynlərindən biri əlildirsə, onda yeni doğulan uşağa 500 min dram (1000 dollar) ödənəcək. Uşaqlara baxmaq üçün işləməyən analara ödəniş isə hər uşağa görə 27 min drama (50 dollara) qaldırılıb”.