Siyasətçi İsa Qəmbərin sədrlik etdiyi Milli Strateji Düşüncə Mərkəzi (MSDM) siyasi partiyalara, ictimai qurumlara, söz, fikir, əməl sahiblərinə müraciət edib. Novator.az-ın məlumatına görə, müraciətdə qeyd olunur ki, 2020-ci ilin zirvəsi qalibiyyətli Vətən müharibəsidir: “Şəhidlərimizin həyatı, qazilərimizin qanı, əsgərlərimizin qəhrəmanlığı, zabitlərimizin fədakarlığı, generallarımızın qərarları, hakimiyyətin siyasi iradəsi, demokratik düşərgənin vətənpərvərliyi, Güney Azərbaycandan başlamış bütün dünyada yaşayan soydaşlarımızın mövqeyi, müttəfiqlərimizin – ilk növbədə Türkiyəmizin siyasi-mənəvi dəstəyi nəticəsində əldə olunan qələbəmizin əsas müəllifi xalqımızdır. Çünki sadalanan bütün göstəricilər milli iradənin, milli birliyin təzahürü və məhsuludur.
Müharibənin bu mərhələsinin bitməsini rəsmiləşdirən 10 noyabr üçlü bəyanatı və bəyanatdan sonrakı dövr sübut etdi ki, bu gün milli birliyin davam etməsinə və milli iradənin nümayiş etdirilməsinə daha çox ehtiyac var. Bunun üçün gerçəkləri birlikdə təsbit etmək və fəaliyyət istiqamətlərini birlikdə müəyyən etmək zəruridir.
44 günlük Vətən müharibəsində Azərbaycan tarixi bir hərbi qələbə əldə etdi. 7 rayonumuzun, Şuşa başda olmaqla Qarabağın dağlıq ərazisinin müəyyən hissələrinin işğaldan azad edilməsi, İranla sərhədlərimizin nəzarətə götürülməsi, Naxçıvan yolunun açılacağının bəyan edilməsi möhtəşəm uğurlardır.
Vətən müharibəsi Azərbaycanda 30 ilə yaxın sürmüş işğal dönəminin doğurduğu məğlubiyyət və aşağılıq duyğusunu qələbə, özünə inam, qürur duyğuları ilə əvəzlədi, ən başlıcası isə ordu – millət və millət – dövlət bütünləşməsi yaradaraq sosial-psixoloji gücümüzün zirvəsi olan milli bütövləşməni ortaya qoydu. Böyük bir strateji önəm daşıyan bu milli bütövləşmənin təkcə Azərbaycan Respublikasını deyil, Güney Azərbaycanı və xaricdə yaşayan soydaşlarımızı da əhatə etməsi, hətta Azərbaycanla Türkiyə arasında belə özünü qabarıq bir biçimdə göstərməsi tariximizin ən şanlı uğurlarından biri sayılmalıdır.
Ermənistan 10 noyabr bəyanatını imzalamaqla məğlubiyyətini etiraf etdi. Lakin bu kapitulyasiya sadəcə və yalnız Azərbaycan qarşısında deyil, Rusiya qarşısında etiraf edildiyi üçün Moskva öz ordusunu Azərbaycan ərazisinə yenidən daxil etməyə nail oldu. Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və bəzi digər torpaqlarımız Rusiyanın birbaşa nəzarətinə keçdi. Nəticədə Azərbaycanımızın suverenliyinə ciddi təhdidlər yarandı.
Beləliklə, çox böyük uğurlar əldə etsək də, Qarabağın işğaldan azad edilməsi bitməyib. Rusiya “sülhməramlıları”nın Qarabağın bir hissəsində əsas söz sahibi olması, digər tərəfdən Ermənistan siyasi dairələrinin revanşist bəyanatları, “savaşı deyil, döyüşü” uduzduqlarını iddia etmələri nəzərdən qaçmamalıdır.
Əslində Qarabağın işğalı Şuşadan başlanmayıb ki, Şuşanın azadlığı ilə bitsin. Qarabağın işğalı Xankəndidən başlayıb və Xankəndinin azad edilməsi, bu şəhərimizdə Azərbaycan bayrağının yüksəldilməsi ilə bitəcək.
Rusiya ordusu torpaqlarımza Qarabağı nə Ermənistana vermək üçün, nə də Azərbaycana təqdim etmək üçün gəlməyib. Moskvanın məqsədi hər iki ölkəni daha çox asılı vəziyyətə salmaq, bölgəyə və dünyaya güc nümayiş etdirməkdir.
Əvvəlki “təmas xətti” (Azərbaycan silahlı qüvvələri ilə Ermənistan silahlı qüvvələri arasında) aradan qaldırılsa da, yeni “təmas xətti” (Azərbaycan silahlı qüvvələri ilə Rusiya “sülhməramlıları” arasında) yaranıb.
Nəticədə əvvəlki status-kvo aradan qalxsa da, yeni status-kvo formalaşıb. Əgər bu gerçəkləri qəbul ediriksə, “nə etməli” sualına da birlikdə cavab tapa bilərik.
MSDM hesab edir ki, indiki mərhələdə Azərbaycanın əsas hədəfi bir-biri ilə sıx bağlı olan iki məsələni həll etmək – rus ordusunun torpaqlarımızdan çıxarılmasına və bütün ərazilərimiz üzərində dövlətimizin tam suverenliyinə nail olmaqdır.
Arxayınlaşmamaq, rəqiblərin və onların havadarlarının revanş iddiasında olduqlarını unutmamaq, onların mümkün hərbi addımlarının qarşısını almağa hər an hazır olmaq, bunun üçün ordumuzun daha da güclənməsi, müasir silahlarla təchizatı və döyüş hazırlığının yüksəldilməsini təmin etmək; Rusiya “sülhməramlı” güclərinin gerçək işğalçı mahiyyətini xalqa açıqlamaq, onların Qarabağdakı erməni terrorçu qruplaşmalarını ərazimizdən çıxarmamasını, hətta Ermənistandan yeni hərbi qruplaşmaların Qarabağa gətirilməsinə göz yummasını üçtərəfli razılığa zidd olan və Azərbaycana qarşı gizli bir niyyət güdən qəsbkar davranış kimi ifşa etmək; qələbə və uğurlarımızı rəsmiləşdirmək, rəqiblərin və onların havadarlarının qəbul etməsinə nail olmaq; işğaldan azad edilmiş torpaqlarımızın etibarlı müdafiəsi şərti ilə rekonstruksiyası və məskunlaşmasını təmin etmək; Azərbaycanda vətəndaşın və xalqın azad və ləyaqətli həyatının təmin edilməsi, həmçinin ölkəmizin dünyada mövqeyinin gücləndirilməsi məqsədilə gerçək islahatlar aparmaq, iqtisadi və siyasi azadlıqları bərqərar etmək, güclü yerli bələdiyyə idarəetmə sistemi, həqiqətən müstəqil parlament və məhkəmə formalaşdırmaq; Türkiyə başda olmaqla müttəfiqlərimizlə iqtisadi, siyasi-diplomatik və hərbi-strateji əməkdaşlığı gücləndirilmək; dünya birliyi, aparıcı beynəlxalq təşkilatlar və böyük dövlətlərlə əlaqələri, qarşılıqlı anlaşmanı inkişaf etdirmək zəruridir.
Qarabağda dövlətimizin tam suverenliyini təmin etməyin yolu Moskvanın xoşuna gəlməkdən keçmir. Azərbaycan Kremlin xoşuna gəlmək üçün nə qədər çalışsa da, Ermənistan daha az səylə daha çox nəticə əldə edəcək. Bütün səylər isə bu iki ölkənin Qarabağa sahib olmasına deyil, Rusiyadan daha çox asılı olmasına gətirib çıxaracaq.
Buna görə də Rusiya ilə yaxınlaşıb Ermənistanı “təkləmək” kimi uduzulmuş olduğu əvvəldən bəlli olan xətti deyil, nə qədər çətin görünsə də, Ermənistanla münasibətləri normallaşdırıb rus “sülhməramlıları”nı bölgədən çıxarmaq xətti seçilməlidir.
Azərbaycan və Ermənistan elitaları qəbul etməlidirlər ki, biz ölkələrimizin və xalqlarımızın gələcəyini Moskvanın inhisarına verməli deyilik. Biz – Azərbaycan və Ermənistan ümumbəşəri dəyərlərə, beynəlxalq hüquqa, demokratik prinsiplərə, insan haqlarına, hər iki dövlətin BMT-də tanınmış ərazilərində tam suverenliyinə əsaslanaraq bir-birimizin və bütövlükdə bölgəmizin təhlükəsizliyinə və sosial-iqtisadi inkişafına təminatçı olmalıyıq.
Biz MSDM-in bu mövqeyini təqdim edərək sizləri müzakirəyə, Azərbaycanımızın əmin-amanlıq şəraitində inkişafı, regionda ədalətli və davamlı sülhə nail olması və çağdaş dünyada layiqli yerini tutması naminə birgə çalışmağa çağırırıq”.
1957-ci il təvəllüdlü İsa Qəmbər milli azadlıq hərəkatının liderlərindəndir. 1990-1995-ci illərdə parlamentin deputatı, 1992-1993-cü illərdə Milli Məclisin sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib. 1992-2014-cü illərdə Müsavat Partiyasının başqanı postunu tutub.
Milli Strateji Düşüncə Mərkəzində siyasətçilər Arif Hacılı, Vaqif Hacıbəyli, Arzu Səmədbəyli, publisist Mehriban Vəzir və başqa şəxslər təmsil olunur.
1923-cü ildə Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb.
1988-ci ildə vilayətdə bölgənin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlayıb.
1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb, Azərbaycan parlamenti Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv edib.
1994-cü ildə atəşkəslə dayanan işğalçı müharibədə Dağlıq Qarabağ və onun ətrafındakı bölgələr ermənilərin əlinə keçib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı hərbi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi azad olunub.
Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Rusiya prezidenti Vladimir Putinin noyabrın 10-da açıqlanan birgə bəyanatı ilə hərbi əməliyyatlar dayandırılıb.
Dağlıq Qarabağda təmas xətti və bölgə ilə Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi boyu Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib.
Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu, dekabrın 1-də Laçın rayonunu Azərbaycana qaytarıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsi ermənilərin nəzarətində qalır. Dağlıq Qarabağdakı işğalçı rejim özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandırır.