Mərkəzi Bank 2021-ci il üçün pul və maliyyә sabitliyi siyasәtinin әsas istiqamәtlәri barәdә bәyanat açıqlayıb. Novator.az-ın məlumatına görə, sənədi şərh edən iqtisadçı Samir Əliyev yazır ki, əsas diqqət çəkən məsələ Mərkəzi Bankın manatın məzənnəsinə münasibətdə hədsiz həssaslığıdır: “Pul siyasәtinin prioritet mәqsәdi kimi qiymәt sabitliyi vurğulanır. Mərkəzi Bank anlayır ki, makroiqtisadi sabitliyin, o cümlədən qiymәt sabitliyinin əsas qarantı milli valyutanın sabitliyidir. Bu, istehlakda idxal mallarının böyük payı olmasının nəticəsidir. Bəyanatda qeyd edilir ki, pul siyasәti yürüdülәrkәn manatın mәzәnnәsinin inflyasiyaya qısa vә orta müddәtli ötürücülüyü diqqәtdә saxlanacaq.
Mərkəzi Banka görə, valyuta bazarında tarazlıq tәdiyyә balansının vәziyyәtindәn, dövlәtin valyuta tәlәbi vә tәklifindәn, habelә iqtisadi subyektlәrin mәzәnnә gözlәntilәrindәn asılı olacaq. Deməli, məzənnə sabitliyinin indikatoru olaraq yenə də neftin qiymətinin dəyişməsi və bu dəyişikliyin nə qədər uzunmüddətli olması götürüləcək. O da diqqətə çatdırılır ki, valyuta bazarında tarazlığı tәmin etmәk üçün hökumәtlә birlikdә qabaqlayıcı tәdbirlәr görülәcәk. Yollardan biri kimi valyuta tәnzimlәnmәsinin optimallaşdırılması, o cümlədən valyuta satışına və axınına məhdudiyyətərin tətbiqi göstərilir.
Diqqəti çəkən məqamlardan biri də koordinasiyanın vacibliyidir. Mərkəzi Bank hesab edir ki, 2021-ci ildә proqnozların reallaşması makroiqtisadi siyasәtin bütün istiqamәtlәrinin effektiv koordinasiyasından asılı olacaq. Xüsusilə də söhbət fiskal vә monetar siyasәt üzrә effektiv koordinasiyadan gedir. Belə anlaşılır ki, büdcə xərclərinin növbədənkənar və ya kəskin artırılması makroiqtisadi sabitlik, o cümlədən qiymətlərin sabitliyinə təhlükə yaradır. 2020-ci ildə olduğu kimi gələn il də pul siyasәtinin son hәdәfi inflyasiyanın 2-6 faiz dәhlizindә idarә edilməsi olacaq.
Maliyyə xidmətlərinin keyfiyyətinin artırılması, maliyyə inklüzivliyinin təmin edilməsi də əsas hədəflərdən sayılır. Bu baxımdan tikinti-əmanət bankının yaradılması üçün qanunvericilik aktının qəbuluna önəm veriləcək. Belə bir qanun layihəsi vaxtilə hazırlanıb Milli Məclisə təqdim edilsə də, sonradan gündəlikdən çıxmışdı. İndi yenidən məsələyə diqqət artırılır.
Devalvasiya riskinə gəlincə, həm Maliyyə Nazirliyinin hazırladığı fiskal, həm də Mərkəzi Bankın açıqladığı monetar sənədin analizi göstərir ki, hökumət üçün gələn il makroiqtisadi sabitlik əsas hədəfdir. Bu sabitliyin əsas qarantı isə milli valyutanın məzənnəsinin dəyişməzliyidir. İstər Maliyyə Nazirliyinin narahatlığı, istərsə də Mərkəzi Bankın həssaslığı onu deməyə əsas verir ki, bu gün hökumətin gündəmində devalvasiya tədbiri yoxdur. Çünki hökumət devalvasiyanın ağır fəsadlarını anlayır və bu tədbirə büdcə kəsirini örtmək üçün əlavə qazanc götürmək qismində yox, çıxılmaz vəziyyətdən çıxış yolu qismində baxır. Ona görə də gələn il neftin qiymətində kəskin ucuzlaşma olmazsa və bu ucuzlaşmanın müddəti ilə bağlı pessimist proqnozlar olmazsa, hökumət məzənnəni saxlamaqda davam edəcək”.
2015-ci ilin iki devalvasiyası nəticəsində dolların məzənnəsi 0,7844 manatdan 1,5594 manata yüksəlib.
2016-cı ildə rəsmi qiymət 1,7707 manata çatıb.
2017-ci ilin fevralında maksimal qiymət qeydə alınıb: 1,92 manat. Həmin ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur.
Dövlət Neft Fondu Mərkəzi Bankın 2020-ci ilin yanvar-noyabr aylarında keçirdiyi valyuta hərraclarında 6 milyard 665,9 milyon ABŞ dolları məbləğində vəsait satıb.
2016-cı ildə Dövlət Neft Fondunun analoji xərci 4,9 milyard, 2017-ci ildə 3,6 milyard, 2018-ci ildə 6,5 milyard, 2019-cu ildə 6,6 milyard dollar göstərilib.