İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin İdarə Heyətinin üzvü Samir Əliyev 2020-ci ilin sentyabr-noyabr aylarında işğaldan azad edilmiş ərazilərdə (Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər rayonları, Yuxarı Qarabağın bir hissəsi) yerli özünüidarə qurumları – bələdiyyələrin yaradılması məsələsini qaldırıb. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, ölkənin 1606 bələdiyyəsinin 32-si Ağdam və Füzuli rayonlarının payına düşür: “Ağdamda 11 qəsəbəni və 79 kəndi əhatə edən 14 bələdiyyə, Füzulidə 1 şəhəri, 16 qəsəbəni və 18 kəndi əhatə edən 21 bələdiyyə var. İşğaldan azad olunmuş ərazilərdə əhali məskunlaşması təmin edildikdən sonra yerli özünüidarə institutlarının yaradılmasına başlanacaq. İlkin qiymətləndirməmizə əsasən, işğaldan azad olunmuş inzibati-ərazi vahidlərində təxminən 259 yeni bələdiyyənin yaradılması mümkündür.
Azərbaycanda bələdiyyələr inzibati ərazi tipinə görə üç yerə (şəhər, qəsəbə və kənd) bölünür. Mümkün yeni 259 bələdiyyənin 7-si şəhər, 17-si qəsəbə, 235-i isə kənd bələdiyyəsi ola bilər. Rəsmi statistikaya əsasən, həmin ərazilərdə ümumilikdə 14 şəhər, 47 qəsəbə, 980 kənd, 339 kənd inzibati ərazi dairələri mövcuddur.
20 il öncə bələdiyyələr yaradılmağa başlananda bu qurumlar inzibati ərazi vahidlərinin sərhədləri, yəni bir şəhər – bir bələdiyyə, bir qəsəbə – bir bələdiyyə, bir kənd – bir bələdiyyə prinsipləri əsas götürülmüşdü. Kiçik bələdiyyələr həddindən çox idi. Hökumət 2009 və 2014-cü illərdə bələdiyyələrin birləşdirilməsinə qərar verdi və onların sayı 2757-dən 1606-ya qədər azaldıldı. Birləşmə siyasəti zamanı inzibati ərazi dairələrinin sərhədləri əsas götürüldü. Bu baxımdan işğaldan azad olunmuş ərazilərdə təxminən 260-a yaxın yeni bələdiyyənin yaranması mümkündür. Hökumətin inzibati ərazi dairələrinin sayında və sərhədlərində və ya bələdiyyələrin formalaşması prinsipində dəyişikliklər edəcəyi təqdirdə bələdiyyələrin sayı dəyişə bilər.
Azərbaycanda yerli özünüidarəni həyata keçirən bələdiyyələrin üzvləri çoxmandatlı seçki dairələri üzrə seçilirlər. Bələdiyyə üzvlərinin sayı yerli əhalinin sayı əsasında müəyyənləşir. Əhalisinin sayı 500 nəfərə qədər olan ən kiçik bələdiyyələrə 5 üzv seçilir. 19 üzvdən ibarət ən böyük bələdiyyələrdə isə əhalinin sayı 100000-299999 nəfər olmalıdır. Azad olunmuş ərazilərdə yerli özünüidarə qurumlarına seçkilər keçiriləndə bələdiyyə üzvlərinin sayı eyni prinsip əsasında müəyyənləşəcək. Təxmini hesablamalara görə, yeni bələdiyyələrdə üzvlərin ümumi sayı 2000-2500 civarında dəyişə bilər.
Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. 20 ildə yerli özünüidarə qurumlarına 5 dəfə seçki (1999, 2004, 2009, 2014 və 2019-cu illər) keçirilib. Növbəti seçki 2024-cü ildə olasıdır. Qanunvericilik bələdiyyə seçkilərinə 6 aydan çox müddət qaldığı halda yeni seçki keçirməyə imkan verir. Ancaq indiki halda obyektiv səbəbdən məcburi köçkün əhalinin öz evlərinə qayıtması uzun çəkə bilər.
Bələdiyyələrin öz səlahiyyətlərini icra etmələri üçün onların maliyyə təminatı, yəni illik büdcəsi olmalıdır. Qanuna görə, yerli büdcənin gəlirləri vergi və qeyri-vergi gəlirləri hesabına formalaşır. Vergi gəlirlərinə 4 vergi növü – fiziki şəxslərin torpaq vergisi; fiziki şəxslərin əmlak vergisi; yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi; bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan mənfəət vergisi daxildir.
Qeyri-vergi gəlirlərinə isə reklam daşıyıcılarının yerləşdirilməsi ilə bağlı ödənişlər, kurort, mehmanxana, avtomobillərin dayanacaqları üçün rüsumlar, dövlət büdcəsindən verilən maliyyə yardımları, bələdiyyə əmlakının özəlləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən gəlirlər və başqa yerli ödənişlər daxildir. Bələdiyyə büdcələrinin əsas gəlir mənbəyi bir qayda olaraq vergi olmayan gəlirlərin payına düşür.
Azad olunmuş ərazilərdə bələdiyyələr yaradıldıqda ilkin dövrdə bu qurumlar üçün büdcə gəlirlərini formalaşdırmaq mümkünsüz olacaq. Çünki yaşayışın yenicə başladığı və əhalinin tam oturuşmadığı bir dövrdə onların yerli vergi ödəməyə cəlb edilməsi real görünmür. Həmin ərazilərdə torpaq islahatı aparılmadığından bələdiyyə mülkiyyətində olan torpaq və əmlaklar da hələ müəyyənləşməyib. Belə vəziyyətdə bələdiyyə torpaq və əmlakının satılması, icarəyə və istifadəyə verilməsi mümkün deyil. Eyni zamanda bələdiyyə mülkiyyətinin məlum olmaması həmin mülkiyyəti təmsil edən torpaq və əmlak üzərində olan reklam daşıyıcıları, ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödənişləri, avtomobil dayanacaqları və parklanma üzrə vəsaitləri də büdcəyə cəlb etməyi mümkünsüz edir.
Bütün mənbələrin işləmədiyi bir vəziyyətdə yerli büdcə gəlirlərinin əsas donoru qismində yalnız dövlət büdcəsindən verilən dotasiya və subvensiyalar çıxış edəcək. Dövlət azad olunmuş ərazilərdə formalaşan bələdiyyələrin fəaliyyətinin təmin edilməsi üçün maliyyə yardımlarını artırmalıdır. Belə vəziyyətdə maliyyə yardımı digər bələdiyyələrdə olduğu kimi büdcə gəlirlərinin 1/6-ni yox, 100%-ni təmin etməlidir. Bunun üçün dövlət büdcəsində yeni bələdiyyələrə ayrılacaq dotasiya və subvensiyaların həcmi ən azı 10 milyon manat olmalıdır. Son illər dövlət büdcəsindən ölkənin bütün bələdiyyələrinə ayrılan maliyyə yardımının illik həcmi isə 5 milyon manatdan bir qədər çoxdur.
Azərbaycanın 20 illik bələdiyyə təcrübəsi olduğundan işğaldan azad olunmuş ərazilərdə yerli özünüidarə institutlarını yaratmaq texniki baxımdan çətinlik yaratmayacaq. Şəhər və rayon mərkəzlərində şəhər bələdiyyələri, qəsəbələrdə qəsəbə bələdiyyələri, bir və ya bir neçə kənd yaşayış məntəqələrində isə kənd bələdiyyələri yaradılacaq. Büdcə gəlirlərinin formalaşması və büdcə xərclərinin istifadəsi təcrübəsi də eynilə yeni bələdiyyələrə proyeksiya olunacaq.
Ancaq hökumət qarşısında iki seçim var: yerli özünüidarə institutlarının mövcud idarəetmə yanaşmasını olduğu kimi yeni ərazilərə yaymaq; əks-mərkəzləşmə islahatları aparmaqla real hakimiyyətə malik bələdiyyə sistemini qurmaq və onu yeni ərazilərdə yaymaq.
Azad olunmuş ərazilərin idarə edilməsinə münasibətdə vətəndaşlarda böyük bir gözlənti var. Bu gözlənti ondan ibarətdir ki, hökumət həmin ərazilərdə ən yaxşı nümunələri tətbiq edəcək. Analoji gözlənti bələdiyyələrlə də bağlı yaranıb. Hökumət növbəti seçkilərə qədər əks-mərkəzləşmə islahatı apararaq bələdiyyələrin real yerli hakimiyyətə çevrilməsinə nail olmalıdır. Bunun üçün ilk növbədə onların statusu müəyyənləşməli, sonra isə onların səlahiyyətləri artırılaraq ona uyğun maliyyə təminatı verilməlidir. Əks-mərkəzləşmə islahatları isə konstitusiya islahatları tələb edir. Bu baxımdan hökumət təxirə salmadan konstitusiya islahatlarının strategiyasını hazırlamalıdır”.
Mənbə: Bakuresearchinstitute.org