Ölkə daxilində təbii qaz təchizatının təşkili qaydası dəyişir. Novator.az bildirir ki, Nazirlər Kabinetinin 28 dekabr qərarına görə, 2021-ci il yanvarın 1-dən daxili bazarda təbii qazın qaz istehsalçılarından satın alınması, onun nəqli, paylayıcılara və istehlakçılara satışı Dövlət Kontrakt Korporasiyası – “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilir.
Dövlət Neft Şirkətinə (SOCAR) və onun strukturuna daxil olan qurumlara (“Azneft” İstehsalat Birliyi) hasil etdikləri əmtəəlik qazı (ixrac üçün nəzərdə tutulan həcm istisna olmaqla) “Azərkontrakt” ASC-yə satmaq tapşırılıb. Ölkə daxilində fəaliyyət göstərən qaz hasilatçıları (hasilatın pay bölgüsü haqqında və bu qəbildən olan digər sazişlərə əsasən fəaliyyət göstərən birgə müəssisələr, əməliyyat şirkətləri və podratçılar) ilə müqavilələr üzrə hüquq və öhdəliklər “Azərkontrakt” ASC-yə ötürülməlidir. Eyni tələb SOCAR-ın daxili bazarın istehlakçıları və paylayıcıları (“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, “Azəriqaz” İstehsalat Birliyi və Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti) ilə olan qaz satışı müqavilələri üzrə hüquq və öhdəliklərinə aiddir.
Hasilatın pay bölgüsü sazişləri və birgə müəssisələr üzrə alınan, eləcə də SOCAR-a əvəzsiz verilən qaz həcmlərinin qəbulu, hazırlanması, saxlanması və təhvil-qəbul üzrə əməliyyatların həyata keçirilməsi üçün “Azərkontrakt” ASC ilə müvafiq müqavilələrin bağlanması təmin edilməlidir.
Qərar istehsalçılar və istehlakçılar (paylayıcılar) arasında qaz həcmlərinin hazırlanması, nəqli və saxlanması üzrə əməliyyatların həyata keçirilməsi üçün SOCAR-ın strukturuna daxil olan qurumla (Qaz İxrac İdarəsi) “Azərkontrakt” ASC arasında müvafiq xidmət müqavilələri imzalanmasını da nəzərdə tutur.
Təbii qazın bir kubmetri əhaliyə 2200 kubmetrədək olan hissə üçün 10 qəpiyə, 2200 kubmetrdən çox hissə üçün 20 qəpiyə satılır.