Bəkir Nərimanoğlu
Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün (MSŞT) ilk (təsis) konfransında üç hesabat forması qəbul edilmişdi: hasilat sənayesində fəaliyyət göstərən xarici və yerli şirkətlərdən hökumətin əldə etdiyi ödənişlərlə bağlı hesabat; hasilat sənayesi ilə məşğul olan xarici şirkətlərin fəaliyyət göstərdiyi ölkədə hökumətə ödənişləri ilə bağlı hesabat; hasilat sənayesi ilə məşğul olan yerli şirkətlərin öz ölkəsinin hökumətinə ödənişləri ilə bağlı hesabat. Zamanla MSŞT standartlarına yeni tələblər əlavə edildi. Bunlardan daha çox şəffaflıq tələb edəni benefisiar sahibliyin açıqlanmasıdır.
Benefisiar sahiblik bir şirkət və ya ticarət fəaliyyətindən birbaşa və ya dolaylı faydalanan fiziki şəxsə aid edilir. Tələblərə əsasən, onu 2017-ci ilin yanvarına qədər tətbiq edən ölkələr benefisiar sahiblik üzrə çərçivənin yaradılması tədbirlərindən ibarət yol xəritəsi hazırlayıb dərc etməli idilər. Standartı 2020-ci ilin yanvarından tətbiq edən ölkələrdən benefisiar sahiblik məlumatları üzrə sorğu göndərmək, şirkətlərdən isə bu məlumatları açıqlamaq tələb olunur.
Azərbaycan benefisiar sahibliklə bağlı öhdəliyi MSŞT çərçivəsində götürmüşdü. Ləğv olunan Hasilat Sənayesi üzrə Şəffaflıq Komissiyası benefisiar sahibliklə bağlı bir neçə layihə həyata keçirsə də, konkret nəticə olmadı. Hazırda MSŞT çərçivəsində hesabatlılıqla Dövlət Statistika Komitəsi məşğul olur.
Benefisiar sahiblik niyə vacibdir?
Ekspertlər hesab edir ki, benefisiar sahibliklə bağlı məlumatların açıqlanması korrupsiya və vergidən yayınmanın qarşısını ala bilər. Benefisiar sahibliyin açıqlanması maraqlı tərəflərə əslində kimin hasilat sənayesində qazanılan gəlirdən faydalandığını və ya sektordakı şirkətləri idarə etdiyini və hesabatlılığı artırdığını müəyyənləşdirməyə imkan verir. Benefisiar sahibliyin açıqlanması hasilat sənayesində gəlirin həqiqi benefisiarlarının qeyri-şəffaf qurama şirkətlərin arxasında gizlədilməsinin, gəlir hesabatının verilməsindən və vergidən yayınmanın, maraqlar toqquşmasının pərdələnməsinin, çirkli pulların yuyulması, korrupsiya, maliyyə cinayəti, zorakılıq, o cümlədən terrorizm fəaliyyəti üçün qarışıq korporativ və ya digər hüquqi strukturlardan istifadənin qarşısını alır.
Benefisiar sahibliyin açıqlanması həmçinin maraqlı tərəflərə kimin hasilat sənayesinə investisiya qoyduğunu və siyasi nüfuz sahibləri ilə hər hansı əlaqənin olub-olmadığını görmək üçün şəffaf baxış təmin edir, lisenziyalaşdırmada potensial maraqlar toqquşmasının qarşısını almağa imkan yaradır.
Məlumatları kim yoxlayacaq?
Bəs şirkətlərin benefisiar sahibliklə bağlı açıqladığı məlumatlara necə etibar ediləcək? Bu məlumatların həqiqiliyini kim yoxlayacaq? Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzinin direktoru professor İnqilab Əhmədov deyir ki, bunun iki yolu var: “Birincisi benefisiar sahibliklə bağlı məlumatları toplamaq üçün müvafiq dövlət qurum təsis edilə, həmin qurum benefisiar sahibliklə bağlı məlumatları şirkətlərdən tələb edə bilər. Belə bir dövlət qurumu mövcud deyilsə, benefisiar sahibliklə bağlı məlumatların açıqlığını MSŞT hesabatlılığı prosesi ilə təmin etmək mümkündür. “Çoxtərəfli qrup benefisiar sahiblik məlumatları ilə bağlı tələbləri hesabata daxil edə və ya benefisiar sahiblik üçün xüsusi əlavə hesabat şablonu hazırlaya bilər. MSŞT prosesi yalnız mövcud məlumatların hesabatda əksini tapmaqla kifayətlənməməli, bu sahədə katalizator rolunu oynamalıdır. Bütün hallarda məlumat ictimaiyyət tam açıq formatda üçün əlçatan olmalıdır”.
Ekspert qeyd edir ki, şirkətlər məlumatların dürüstlüyünə zəmanət verməlidir. Zəmanətə bunlar daxildir: şirkətdən imzalanmış, notarial qaydada təsdiqlənmiş attestasiyanın və ya onun təqdim edilməsinə etibarnamənin əlavə edilməsini tələb etmək; etibarnamələrin və əlavə təsdiqləyici sənədlərin istənilməsi.
Əlavə zəmanət tədbirləri bunları əhatə edə bilər: siyasətçilərin təqdim etdiyi aktivlər haqqında açıqlamalarına qarşı verilən mülkiyyət məlumatlarını çarpaz yoxlamaq; şirkətlərin təsadüfi seçimində daha dərin auditlərin aparılması ilə məlumat toplayıcılarına tapşırıq vermək; yalan və ya natamam açıqlama verdiyinə görə cəzalar tətbiq etmək.
Azərbaycanda benefisiar sahibliklə bağlı məlumatların açıqlanması bir yana dursun, hazırda MSŞT prosesi belə diqqətdən kənarda qalıb. 2015-ci ilin aprelində – vətəndaş cəmiyyətinə basqılardan sonra Azərbaycanın qurumda üzvlüyü namizəd səviyyəsinə endirildi. 2016-cı ilin oktyabrında isə təşkilat Azərbaycana vətəndaş cəmiyyətinin problemlərini həll etmək üçün 6 ay vaxt verdi, nəticə olmadı. 2017-ci il martın 8-9-da MSŞT Azərbaycanı islah tədbirlərini tam yerinə yetirməmiş kimi qiymətləndirdi və Azərbaycanın təşəbbüsdəki üzvlüyü dayandırıldı. Həmin il martın 10-da Azərbaycan hökuməti təşəbbüsdən çıxdığını bəyan etdi.