Dekabrın 28-də prezident İlham Əliyev Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 7,5 kilometrliyindən Masazır dairəsinədək hissəsinin yenidən qurulması çərçivəsində görülən işlərlə tanış olub.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində Xırdalan dairəsinin altından keçən avtomobil tuneli genişləndirilib, hər bir istiqamət üzrə əlavə tunellər, Xırdalan dairəsinə qalxan və düşən hissələrdə iki hərəkət zolaqlı yol inşa olunub.
Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun Xırdalan dairəsi yaxınlığında yeni dəmir yolu körpüsü də tikilib.
İlham Əliyev Bakı-Quba-Rusiya sərhədi yeni avtomobil yolunun Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 kilometrlik birinci hissəsinin açılışında da iştirak edib. Uzunluğu 150 kilometr olan yeni yol 4 hərəkət zolaqlıdır. Magistralın Şabran rayonunun Gəndob kəndi və Qusar rayonunun Samur qəsəbəsi arasında yerləşən hissəsində tikinti yekunlaşmaq üzrədir. Yeni istiqamət üzrə inşa edilən bu magistral avtomobil yolu əvvəlkindən 13 kilometr qısadır. Yolun qalan hissələrinin gələn ilin ikinci yarısında yekunlaşdırılması planlaşdırılır.
Yeni avtomagistrala Giləzi yaşayış məntəqəsi, Siyəzən və Şabran rayonları, həmçinin Quba-Xaçmaz avtomobil yolu ilə kəsişən ərazidən yol qovşaqları vasitəsilə daxil olmaq mümkündür. Avtomobil yolundan istifadə üçün ödənişin hər kilometr üçün yük və minik avtomobillərinə görə fərqli məbləğdə olması nəzərdə tutulub.