Bir neçə gün qabaq Böyük Britaniyada aşkarlanan koronavirusun mutasiyaya uğramış yeni forması (yeni ştamm) ilə bağlı narahatlıqlar aradan qalxmayıb.
Əvvəlkindən 70 faiz sürətlə yayılan yeni ştamma artıq Britaniyanın hər yerində rast gəlinir. Yeni ştamm Avropanın bir çox başqa ölkəsinə də keçib.
Yeni ştammın qeydə alındığı bölgələrdə koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilənlərin sayı çoxalıb.
Novator.az saytının məlumatına görə, ABŞ-ın CNN kanalı bildirir ki, genetiklər koronavirus peyvəndlərinin yeni ştamma qarşı tam effektiv olmayacağından ehtiyatlanırlar.
İndiyədək COVİD-19 infeksiyasında rol oynayan yüz mindən çox müxtəlif bakteriya növü aşkar etmiş alim, ABŞ-ın Arizona Universitetinin bioloqu Maykl Vorobi CNN-ə deyib ki, o, pandemiya başlanandan hələ belə bir mutasiya ilə qarşılaşmamışdı.
Səhiyyə rəsmiləri koronavirus peyvəndlərinin virusun yeni ştammına qarşı effektiv olacağını bəyan etsələr də, Maykl Vorobi mutasiyaya uğramış virusun hiyləgər davranacağından və vəkasinin effektini azaldacağından narahatdır.
Fred Hatçinson Xərcəng Tədqiqatı Mərkəzinin peyvənd və yoluxucu xəstəliklər şöbəsinin dosenti Trevor Bedford da virusun mutasiyaya uğramış formasını diqqətdə saxladığını vurğulayıb. O xatırladıb ki, geniş miqyaslı kliniki sınaqlar koronavirus əleyhinə iki peyvəndin – “Pfizer”-“BioNTech” və “Moderna” peyvəndlərinin 95 faiz effektiv olduğunu göstərib. Amma bu sınaqlar Britaniyada virusun mutasiyaya uğramış yeni ştammı meydana çıxmamışdan əvvəl aparılıb.
Trevor Bedford peyvəndin yeni ştamma qarşı faydasız olacağına inanmır, amma düşünür ki, yeni ştamm vaksinlərin effektini 95 faizdən 80-85 faizə endirə bilər. Alim bu ehtimalı ciddi qəbul etsə də, vəziyyətin dramatik olmadığını da söyləyir.
ABŞ səhiyyə nazirinin köməkçisi doktor Brett Ciroir bildirib ki, yeni ştamm mövcud vaksinlərdən imtinaya əsas vermir.
“Operation Warp Speed” əməliyyatının (ABŞ-da COVİD-19-a qarşı vaksinlərin hazırlanması üzrə əməliyyat) baş elmi məsləhətçisi Monsef Slaoui də eyni fikirdədir.
Amma virusun mutasiyaya uğramış növünün əvvəlki variantlara bənzəmədiyini vurğulayan alimlər də var.
İmmunologiya və mikrobiologiya üzrə mütəxəssis, professor Kristian Andersen CNN kanalına açıqlamasında bildirib: “Biz bunun problem olmadığını deməyə tələsməməliyik, yəni tələsik nəticə çıxarmamalıyıq. Biz bu an, sadəcə, heç nə bilmirik, amma tezliklə çox şeyi öyrənmiş olacağıq”.
Yeni ştammı araşdıran Los-Alamos Milli Laboratoriyasının alimi Bett Korber CNN-nin mutasiyanın peyvəndə təsiri ilə bağlı sualını belə cavablandırıb: “Mutasiya həqiqətən də narahatlıq doğurur və bütün bunlar testdən keçirilməlidir”.
Avropa Xəstəliklərin Profilaktikası və Nəzarət Mərkəzinin məlumatına görə, virusun Britaniyada meydana çıxan yeni formasının genetik kodunda 17 unikal mutasiya mövcuddur.
Bəzi alimləri təkcə mutasiyanın sayı deyil, həm də onların birlikdə fəaliyyəti narahat edir.
Fred Hatçinson Xərcəng Tədqiqatı Mərkəzinin peyvənd və yoluxucu xəstəliklər şöbəsinin dosenti Trevor Bedford mutasiyaların çoxunun laboratoriyada tədqiq olunduğunu xəbər verib. O bildirib ki, mutasiyalar haqda bəzi şeyləri öyrənə biliblər: “Amma onların digər dəyişikliklərlə uzlaşması xarakterizə edilməyib”.
“Pfizer”-“BioNTech” vaksininin istehsalçısı olan ABŞ-ın “Pfizer” və Almaniyanın “BioNTech” şirkətləri, həmçinin “Moderna” vaksininin istehsalçısı olan ABŞ-ın “Moderna” şirkəti hazırda öz vaksinlərinin koronavirusun yeni ştammına təsirini testdən keçirirlər.
“BioNTech” şirkətinin baş direktoru doktor Uğur Şahin yeni ştammın peyvəndə problem yaratmayacağına ümid edir, eyni zamanda bildirir ki, problem yaransa da peyvəndi yeniləmək mümkün olacaq: “Zərurət yaranarsa, vaksini virusun yeni variantına uyğun dəyişmək imkanımız var. Buna ehtiyac olacağını düşünmürəm. Amma ehtiyac olsa, edəcəyik. Bu, texniki cəhətdən mümkündür”.
Mənbə: CNN.com