İqtisadçı Rövşən Ağayev yaşayış minimumu normativlərində dəyişiklik təklif edir.
Azərbaycanda yaşayış minimumu ölkə üzrə 190 manatdır. Bu rəqəm Nazirlər Kabinetinin təsdiqlədiyi illik minimum istehlak səbətinə əsaslanır.
Novator.az-ın məlumatına görə, Rövşən Ağayev yazır ki, Azərbaycanda yaşayış minimumunun strukturu insanı yoxsulluqdan deyil, aclıqdan qorumaq üçündür: “Azərbaycan 15 ilə yaxındır Dünya Bankının təsnifatında aşağı gəliri ölkə qrupundan orta yuxarı gəlirli ölkə qrupuna keçib. Bu təsnifatlar arasında yoxsulluğun ölçülməsi üçün istifadə olunan meyar – adambaşına gəlir səviyyəsi baxımından iki dəfə, istehlak normativləri baxımından əhəmiyyətli fərq var.
Azərbaycan hökuməti ərzaq və qeyri-ərzaq səbətinin dəyərini ayrı-ayrılıqda təsdiqləmir. Beynəlxalq təcrübədə bunun əksidir. İndi haradan bilmək olar ki, ölkə üzrə yaşayış minimumu sayılan 190 manatın nə qədəri ərzaq xərcimiz kimi nəzərdə tutulur? Nə mane olur ərzaq, xidmət və qeyri-ərzaq səbətinin dəyərini ayrıca təsdiqləməyə?
Məsələn, Türkiyədə aclıq həddi və yoxsulluq həddi ayrıca hesablanır. Aclıq həddi insanın yalnız ərzağa olan tələbatının dəyəridir. Türkiyədə yaşayış minimumu dəyərinin 70%-i qeyri-ərzaq və xidmətlər səbətinə aiddir.
Başqa bir məqam da var. Bizdə yoxsulluq səviyyəsi ailə bazasında hesablanır, yoxsulluq müavinəti də ailə üçün təyin edilir – üzvlərinin sayından asılı olaraq. Niyə fərdlə yanaşı ailə üçün yaşayış minimumu, istehlak səbətinin dəyəri ayrıca təsdiqlənmir? Bu cür normativ olsa, həssas qruplar üçün sosial ödənişləri asanlıqla təyin etmək olar. Dünya təcrübəsində 2, 3, 4 və daha çox üzvdən ibarət olan ailələr üçün ayrıca yaşayış minimumu təsdiqlənməsi nümunələri var.
Hətta Bakı, Sumqayıt kimi iri şəhərlər və bölgələr üzrə ayrıca yaşayış minimumu təsdiqləmək imkanlarına da baxmaq lazımdır. Rəsmi statistika iri şəhərlərlə bölgələr arasında adambaşına xərclərdə 20-25% fərqin olduğunu göstərir”.
Nazirlər Kabineti əmək qabiliyyətli əhali üçün illik minimum istehlak səbətinə bu ərzaq məhsullarını daxil edib: çörək və çörək məhsulları; kartof; tərəvəz və bostan məhsulları; meyvə və giləmeyvə; ət və ət məhsulları; süd və süd məhsulları; balıq və balıq məhsulları; yumurta; şəkər və qənnadı məmulatları; bitki yağı, marqarin və digər piylər; kərə yağı; digər məhsullar.
Qeyri-ərzaq malları siyahısında palto tipli üst geyimləri qrupu; kostyum tipli üst geyimləri; alt geyimləri; corab məmulatları; baş geyimləri və xırdavat məmulatları; ayaqqabı; məktəb-yazı ləvazimatları; yataq ləvazimatları; mədəni-məişət və təsərrüfat malları; ilkin tələbat və sanitariya əşyaları, dərmanlar var.
Xidmətlər sırasında mənzil; mənzillərin qızdırılması; isti və soyuq su təchizatı; kanalizasiya; qaz təchizatı; enerji təchizatı; nəqliyyat xidmətləri; rabitə; internet xidmətləri və digər xidmətlər yer alır.
“Ünvanlı dövlət sosial yardımı haqqında” qanunda sosial yardım almaq hüququ olan ailələr belə təsnif olunur: “Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə qərarı ilə itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər”.
2020-ci ildə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının həddi 160 manat götürülüb.