Prezident İlham Əliyev “Dövlət qulluğu haqqında” qanunda dəyişiklikləri imzalayıb. Novator.az bildirir ki, əsas yeniliklərin birinə görə, dövlət qulluqçusuna müddət tələbləri nəzərə alınmadan daha yüksək (növbəti) ixtisas dərəcəsi iki halda verilə bilər: xidməti fəaliyyətin qiymətləndirilməsinin nəticəsinə uyğun olaraq qulluq funksiyalarını nümunəvi icra etdiyinə və işindəki yüksək nailiyyətlərinə görə; yuxarı təsnifat dövlət qulluğu vəzifəsinə təyin edildikdə. Dövlət qulluqçusunun malik olduğu ixtisas dərəcəsində qulluq müddətinin ən azı yarısını keçməsi də şərtdir.
Qanuna əsasən, vaxtından əvvəl ixtisas dərəcəsinin verilməsi yalnız bir dəfə mümkündür.
Dövlət qulluqçularına ixtisas dərəcələri verilərkən onların xüsusi, hərbi və diplomatik rütbələri nəzərə alınır və qarşılıqlı olaraq uyğunlaşdırılır.
İntizam tənbehi qaydasında dövlət qulluqçusunun ixtisas dərəcəsi (prezidentin verdiyi ixtisas dərəcələri istisna olmaqla) bir pillə aşağı salına bilər. Belə cəza təqvim ili ərzində yalnız bir dəfə tətbiq edilməlidir.
Dövlət qulluqçusunun il ərzində xidməti fəaliyyəti bu meyarlar əsasında qiymətləndirilir:
– peşə bilikləri;
– qulluq (xidməti) vəzifələrinə münasibəti;
– təhlil aparmaq, problem həll etmək və qərar vermək bacarığı;
– yaradıcılıq və təşəbbüskarlıq;
– iş təcrübəsi və onu bölüşmə;
– kollektivdə işləmək və ünsiyyət bacarığı.
Rəhbər vəzifə tutan dövlət qulluqçularının fəaliyyəti həmçinin proqnozlaşdırma; idarəetmə; kollektiv daxilində nüfuz və ruhlandırmaq bacarığı; komanda qurmaq bacarığı meyarları əsasında qiymətləndirilir.
Xidməti fəaliyyət bu şəkildə qiymətləndirilir: əla; yaxşı; kafi; qeyri-kafi.
Dövlət qulluqçusunun xidməti fəaliyyətinə verilən yekun qiymətin 50 faizi tapşırıqların (hədəflərin) icra səviyyəsinin qiymətləndirilməsinə, 40 faizi meyarlar əsasında qiymətləndirilməyə, 10 faizi əmək intizamı əsasında qiymətləndirməyə əsaslanır.
Prezidentin imzası ilə əmanətlərin sığortalanması üzrə qanun yenilikləri də rəsmiləşib.
Novator.az bildirir ki, 2016-cı ildən qüvvədə olan “Əmanətlərin tam sığortalanması haqqında” qanunun tətbiq müddəti 2021-ci il aprelin 5-dək uzadılıb.
Hazırda tam sığortalanma qaydası illik faiz dərəcəsi milli valyutada 12 faizdən, xarici valyutada 2,5 faizdən yüksək olmayan əmanətləri əhatə edir.
Başqa yeniliyə – “Əmanətlərin sığortalanması haqqında” qanunda dəyişikliklərə əsasən, 5 aprel 2021-ci ildən fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləği 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) artırılır.
Həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bank hesablarında olan vəsaitlərin maksimum 20 min manatı, notariusların depozit hesablarında qalmış, fiziki şəxslərə məxsus pul vəsaitləri tam məbləğdə sığortalanır.