Nazirlər Kabineti Təhsil Nazirliyinə işçilərin sosial müdafiəsi üçün köçürülən vəsaitdən istifadə qaydasını təsdiqləyib. Novator.az bildirir ki, qaydaya görə, büdcədənkənar vəsait bu istiqamətlər üzrə xərclənir: işçilərin kollektiv və fərdi mükafatlandırılması; vəzifə maaşlarına əlavələrin verilməsi; işçilərə maddi yardım göstərilməsi.
Kollektiv mükafatlandırılma bu hallarda həyata keçirilir: işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi; mühüm dövlət tapşırıqlarının vaxtında yerinə yetirilməsi; qanunla müəyyən edilmiş bayram günləri ilə, həmçinin digər əlamətdar hadisələrlə əlaqədar.
Fərdi mükafatlandırılma halları belədir: vəzifə təlimatında nəzərdə tutulan vəzifələrin vaxtında və peşəkarlıqla yerinə yetirilməsi, səmərələşdirici təkliflər verilməsi, təşəbbüskarlıq göstərilməsi, işdə yeni forma və metodların tətbiqi; rəhbərliyin tapşırıqlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi; normativ hüquqi aktların layihələrinin hazırlanmasında fərqlənmə.
İşçilər xüsusi əhəmiyyətli vacib tapşırıqların, mürəkkəb işlərin yerinə yetirilməsi ilə əlaqədar, həmçinin layiqli işinə görə bayram və digər əlamətdar günlərdə fərdi qaydada (birdəfəlik) mükafatlandırıla bilərlər. Verilən mükafatların məbləği aylıq vəzifə maaşının 2 mislindən çox olmamaq şərti ilə müəyyən edilir. İşçilərin fərdi mükafatlandırılması məqsədilə vəsait qiymətli hədiyyələrin alınmasına da xərclənə bilər.
Fərdi mükafatlandırılma əmrlə rəsmiləşdirilir. İşçilərə aylıq vəzifə maaşlarının 2 mislindən çox olmamaqla vəzifə maaşlarına əlavələr verilir. Aylıq vəzifə maaşına əlavənin ödənməsi ayda bir dəfə olmaqla hər ay üçün növbəti ayın 20-dək, dekabr ayı üçün isə həmin ayın 25-i (dekabrın 25-i qeyri-iş gününə düşdükdə növbəti iş günü) həyata keçirilir.
Vəzifə maaşına əlavə bu günlər üçün hesablanmır: işçinin əmək məzuniyyətində olduğu günlər, əmək qabiliyyətini müvəqqəti itirdiyi, həmçinin hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu günlər; işçinin ödənişli yaradıcılıq və təhsil məzuniyyətində, qismən ödənişli sosial məzuniyyətdə və ödənişsiz məzuniyyətdə olduğu günlər.