İqtisadçı Rövşən Ağayevin “Pandemiyalı 2020: Azərbaycan iqtisadiyyatı üçün əsas nəticələr” başlıqlı məqaləsi dərc olunub. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, qlobal pandemiyanın elan edildiyi 2020-ci il iqtisadiyyat üçün çox ağır keçib: “Ötən əsrin 30-cu illərinin resessiyasından sonra dünya iqtisadiyyatını heç bir böhran belə ağır sınağa çəkməmişdi. Normal, heç bir maliyyə problemi olmayan sağlam və işlək müəssisələr karantin tələbləri altında dayanmağa, istehsalı (xidməti) saxlamağa, işçilərini ixtisar etməyə məcbur qaldılar. Hökumətlər istər istehsal sektorundan (tələb azlığı və ya təklif artıqlığı), istərsə maliyyə sektorundan (likvidlik və ya borc problemi, “şişmiş balonlar”, uzun dövr ərzində spekulyativ əməliyyatların nəticəsi kimi nəhəng miqyasda riskli aktivlərin yaranması və s.) qaynaqlanan böhranlara özlərini adaptasiya edə biliblər”.
Azərbaycan iqtisadiyyatı üçün yaranan problemlərə toxunan Rövşən Ağayev qeyd edir ki, iqtisadiyyatdakı qapanmaların ən ciddi fəsadı işsizliyin böyük miqyasda genişlənməsi olub: “Uzun illər rəsmi təbliğatdan Azərbaycanda işsizliyin ümumiyyətlə problem olmadığı görünsə də, rəsmi statistikada işsizlik səviyyəsinin ayrı-ayrı illərdə 4-5%-i ötmədiyi əks olunsa da, yaranmış dərin böhranda problemi gizlətmək mümkün olmadı. Nazirlər Kabinetinin 4 aprel 2020-ci ildə təsdiqlədiyi tədbirlər planı işini itirmiş insanlara yardımların ayrılmasını nəzərdə tuturdu. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda qeyd edilirdi ki, işsiz və xüsusi karantin rejiminə görə işini itirmiş qeyri-formal işləyən şəxslərdən ibarət 600 min aztəminatlı şəxs müəyyən olunub və ümumilikdə həmin şəxslərə aprel-may ayları üzrə birdəfəlik ödəmə verilməsi üçün 228 milyon manat ayrılıb. Halbuki Dövlət Statistika Komitəsinin (DSK) ötən il əmək bazarı ilə bağlı hazırladığı nəşrdə təqdim olunan məlumatlara əsasən, 2010-2019-cu illərdə dövlət məşğulluq orqanlarında işsiz statusu olan şəxslərin sayı 81,3 min nəfəri, işsizlik müavinəti alan şəxslərin sayı 6,9 min nəfəri, Beynəlxalq Əmək Təşkilatının metodologiyası üzrə işsiz kimi müəyyən olunan şəxslərin sayı 258 min nəfəri ötməyib. Belə bir şəraitdə işini itirmiş qeyri-formal işləyən şəxslərdən ibarət 600 min aztəminatlı şəxs müəyyən olunması pandemiyanın ölkədə çox ciddi işsizlik problemi yaratmasının rəsmi etirafıdır. Üstəlik, DSK-nın hazırladığı aylıq sosial-iqtisadi bülletenlərdə açıqlanan məlumatlardan aydın olur ki, 2020-ci ilin əvvəlinə nisbətən DSK-nın işsiz kimi müəyyən etdiyi şəxslərin sayı 45,2% artaraq 252 min nəfərdən 366 min nəfərə çatıb.
Onu da nəzərə almaq lazımdır ki, hazırkı rəsmi mexanizmlər real işsizlik səviyyəsini aşkarlamaq imkanında deyil. Bunun əsas səbəblərindən biri Azərbaycanda rəsmi müqavilə əsasında çalışan və işsizlik sığortası ödəyən işçilərin sayının bütün iqtisadi fəal əhalinin çox az hissəsini təşkil etməsidir.
Pandemiyanın işsizliklə yanaşı yoxsulluğun miqyasına necə təsiri etdiyini də bilmək son dərəcə vacibdir. Xüsusilə də məsuliyyətli və peşəkar idarəetmə üçün risk həssaslı sosial siyasətin formalaşdırılması baxımından yoxsulluğun real miqyasının, səbəblərinin dəqiq müəyyən edilməsi son dərəcə önəmlidir. Bu baxımdan pandemiyanın elan olunmasından sonrakı 3-4 ay ərzində bütün regionları əhatə edən müayinələr əsasında operativ şəkildə yoxsulluğun ölçülməsi təmin edilə, nəticələrinə uyğun sosial siyasətdə korreksiyalar aparıla bilərdi. DSK 11 ay ərzində əhalinin adambaşına nominal gəlirlərinin 2% azaldığını, inflyasiyanın 2,8% təşkil etdiyini bildirir. Bu isə əhalinin nominal gəlirlərinin faktiki olaraq 5%-ə yaxın azalması deməkdir. Bu, kiçik azalma deyil və insanların yoxsulluğunun artımına bilavasitə təsir edən amildir.
Sosial siyasətdə narahatlıq doğuran istiqamətlərdən biri səhiyyə oldu. Səhiyyə sistemi gözlənilməz böhrana hazırlıqsız yaxalandı. Koronavirusa yoluxan insanların əhəmiyyətli hissəsi dövlət səhiyyə sisteminin yardımından tam kənarda qalıb. İnsanlar bahalı test xidmətlərindən istifadə edir, müalicə üçün bütün vacib dərmanları özləri alır, özəl kanallarla tapdıqları həkimlərin xidmətindən şəxsi büdcələri hesabına yararlanır. Əhalinin xeyli hissəsinin vaxtında test etdirə və müalicə ala bilməməsinin nəticəsi noyabr ayının əvvələrindən özünü daha aydın göstərməyə başlayıb: əvvəlki 3-4 ayla müqayisədə virusdan ölənlərin sayı birdən-birə 7-8 dəfə artıb. Dekabr ayında gündəlik ölüm sayı (orta hesabla 40-45) sabit olaraq davam edib. Halbuki dövlət büdcəsinin səhiyyə xərclərində kifayət qədər ciddi (2 dəfəyə yaxın) artım var. DSK-nın aylıq sosial-iqtisadi buraxılışlarında açıqladığı ən son statistikaya görə, 2020-ci ilin 10 ayı ərzində səhiyyə xərcləri 1 milyard 395 milyon manat olub. Əvvəlki ilin eyni dövrünün göstəricisi 735 milyon manatdır”.
Makroiqtisadi şəraitə diqqət çəkən ekspert yazır: “2020-ci ilin 11 ayının nəticələrinə görə, ümumi daxili məhsulda (ÜDM) 4,3%, qeyri-neft sektorunun ÜDM-dəki payında 2,9%, neft sektorundakı payda isə 6,5% azalma baş verib. Əhalinin az qala üçdə birinin gəlir və məşğulluğunu təmin edən aqrar sektorda böyümə tempi son illərin ən aşağı səviyyəsinə düşüb. 2019-cu ildə bitkiçilik seqmentində 11%-dən çox artım olmuşdusa, cari ilin 11 ayında həmin göstərici 1%-ə enib. Öz növbəsində yük dövriyyəsi 20%, sərnişin dövriyyəsi 40%, neftdən kənar sahələrə əsaslı kapital qoyuluşlarında 11% geriləmə qeydə alınıb”.
Ekspert həmçinin qeyd edir ki, Mərkəzi Bankın iqtisadiyyatı pulla təminatında il boyu kəskin azalmalar müşahidə olunub: “Manatla pul bazası sərt karantin rejiminin tətbiq edildiyi ilk dövrlərdə (aprel-may aylarında) 2019-cu ilin sonlarına nisbətən 10%-dən çox azalsa da, 2020-ci ilin ikinci yarısından əvvəlki səviyyəsinə qayıtmağa başladı. Lakin oktyabr ayının sonunda manatla pul bazası 12 milyard 104 milyon manat təşkil edib, bu da ötən ilin sonlarındakı göstəricidən 0,4% azdır.
Pandemiya ilində makroiqtisadi şəraiti, eləcə də iqtisadiyyatın itkilərini əks etdirən daha bir mənbə ödəmələr balansıdır. Ödəmələr balansı hesabat dövründə (rüb, yarım il, il) əmtəə, xidmət və maliyyə alətləri əsasında rezidentlər və qeyri-rezidentlərin iqtisadi əlaqələrinin statistik uçotu sistemidir. Cari hesablar balansının yekun saldosu yaranmış iqtisadi situasiyada rezidentlərin xarici subyektlər qarşısında ya qazandığını, ya da itirdiyini əks etdirir. Hesabat dövründə qalıq mənfi olduqda milli iqtisadiyyatın itkilərə məruz qaldığını, qalıq müsbət olduqda milli iqtisadiyyatın rezidentlərlə əlaqələrdən daha qazanclı çıxdığını göstərir. Bütövlükdə tədiyyə balansı iqtisadiyyatın kapital üçün nə dərəcədə cəlbedici olduğunu qiymətləndirməyə imkan verir.
Mərkəzi Bankın ən son statistikasına görə, 2016-cı ildən sonra ilk dəfə 2020-ci ilin 9 ayında Azərbaycanın cari hesablar balansında defisit (208,3 milyon dollar məbləğində) yaranıb. Eyni zamanda defisit maliyyə hesabından da yan keçməyib: bu hesabda 2 milyard 106 milyon dollarlıq kəsir olub. Bütövlükdə tədiyyə hesabının 9 aylıq yekununda 1 milyard 804 milyon dollarlıq mənfi saldo (ölkənin məcmu ehtiyat aktivlərinin azalması) qeydə alınıb”.
Mənbə: Bakuresearchinstitute.org