Novator.az Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının “Korrupsiyaya qarşı mübarizə üzrə 32 vacib addım planı”na nəzər salıb.
Hakimiyyətə təklif olunan plan bir neçə bölümü əhatə edir. Hüquqi müstəvidə təkliflər bunlardır: prezidentdən tutmuş icra başçılarına qədər iri və orta ranqlı dövlət məmurları, prokurorluq, hüquq mühafizə, məhkəmə hakimiyyəti işçiləri gəlirləri və əmlakına dair bəyannamələr dərc etsin; Rəqabət, Büdcə məcəllələri, maraqlar toqquşması, məlumatlandırıcının müdafiəsi, dövlət maliyyə nəzarəti, mülkiyyət sahibliyinin açıqlanması, işəgötürmədə məhdudiyyətlər, xidmətdə irəliləmə və işdən çıxarılma qanunları qəbul edilsin; mülkiyyət sahibliyinə və şirkətlərin ödənişlərinə dair məlumatların açıqlanmasına olan qadağalar “Kommersiya sirri haqqında” qanundan çıxarılsın; mövcud qanunlar antikorrupsiya ekspertizasından keçirilsin.
İnstitusional müstəvidə bu addımların atılması istənir: müstəqil məhkəmələrin fəaliyyəti təmin edilsin; Andlılar Məhkəməsi qurulsun; Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya ictimaiyyət nümayəndələrinin iştirakı ilə yenidən təşkil edilsin; rəqabəti dəstəkləmək üçün müstəqil antiinhisar institutu yaradılsın; çirkli pulların yuyulmasının qarşısını almaq üçün Maliyyə Monitorinqi Xidmətinin müstəqilliyi təmin edilsin; dövlət büdcəsinin xərclərinin son təyinatı üzrə istifadəsinə nəzarət edən Hesablama Palatasının səlahiyyətləri artırılsın; beynəlxalq mətbuatın araşdırmalarında göstərilən korrupsiya hallarının və xaricə külli miqdarda pul daşımaları faktlarını araşdırmaq üçün xüsusi istintaq komissiyası yaradılsın.
Hesabatlılıq, şəffaflıq və ictimai iştirakçılıq müstəvisindəki təkliflər arasında büdcə xərclərinin nəticə əsaslı proqramlar üzrə təsnifatını həyata keçirmək; mülkiyyət sahibliyinə dair informasiyalara əlçatanlığı artırmaq; Azərbaycan Dövlət Neft Fondunun Müşahidə Şurasında ictimaiyyət nümayəndələrinin təmsilçiliyini təmin etmək; vətəndaş cəmiyyəti institutlarının (QHT-lər, azad mətbuat) fəaliyyətinə tətbiq olunan məhdudiyyətləri aradan qaldırmaq kimi təkliflər də yer alır.
Beynəlxalq əməkdaşlıq müstəvisində atılması vacib olan addımlardan biri kimi Dünya Ticarət Təşkilatına üzvlüyü sürətləndirmək göstərilir.
ADR Hərəkatı 2015-ci ildə yaradılıb. Quruma 1971-ci il təvəllüdlü iqtisadçı alim Qubad İbadoğlu sədrlik edir. O, uzun illər Müsavat Partiyasının öncül şəxslərindən olub.