Partiyaların dövlət büdcəsindən maliyyələşməsi sistemi yenilənir.
Qüvvədə olan siyasi partiyalar qanununa əsasən, dövlət büdcəsindən ayrılan vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi seçilmiş deputatlarının sayına uyğun bölünür.
Vəsaitin 10 faizi parlamentdə təmsil olunmayan, namizədləri Milli Məclisə son seçkidə etibarlı səslərin azı 3 faizini qazanmış siyasi partiyalara düşür. Bölgünün səslərin sayına proporsional aparılması nəzərdə tutulub.
APA bildirir ki, “Siyasi partiyalar haqqında” qanuna təklif olunan dəyişikliyə görə, parlamentdən kənar partiyalar üçün vəsait ümumi vəsaitin 5 faizi həddinə enir, qalan 5 faiz təkrar və əlavə seçkilərdə deputat mandatı qazanan partiyalara ayrılır. Bu norma deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar təmsilçilik əldə edən siyasi partiyalara da aid olunur.
Vəsaitin 40 faizinin Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər bölünməsi qaydası qalır.
Yenilik layihəsinə əsasən, dövlət büdcəsindən ayrılan vəsaitin 50 faizi Milli Məclisin say tərkibinə – 125-ə bölünür və alınan məbləğ parlament partiyaları deputatlarının sayına vurulmaqla müəyyən edilmiş məbləğ əsasında paylanır.
Təkrar və əlavə seçkilər nəticəsində, həmçinin deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar, habelə digər səbəblərdən Milli Məclisdə siyasi partiyaları təmsil edən deputatların sayı artdıqda və ya azaldıqda da eyni qayda tətbiq olunur. Vəsaitin müvafiq rüb üzrə istifadə olunmamış hissəsi həmin rübün sonunda Milli Məclisdə siyasi partiyaları təmsil edən deputatların sayına uyğun olaraq ayrılır.
Başqa bir təklifə görə, dövlət büdcəsindən siyasi partiyalara ayrılmış vəsaitin ilin sonuna qənaət olunmuş hissəsi dördüncü rübün sonunda Milli Məclisdə təmsil olunan partiyalar arasında bərabər bölünür.
Novator.az xatırladır ki, Azərbaycanda sonuncu parlament seçkisi 2020-ci il fevralın 9-da keçirilib, 125 dairəni əhatə edib. Dörd dairə üzrə nəticələr ləğv olunub, parlament 121 nəfərlə fəaliyyətə başlayıb, avqustda bir deputat vəfat edib. Dairə üzrə seçki etibarsız sayılanda və ya onun yekunları təsdiqlənməyəndə təkrar seçki, deputat mandatı boş qalanda əlavə seçki təyin olunmalıdır.
Prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası parlamentdə 70 deputatla təmsil olunur.
Vətəndaş Həmrəyliyi Partiyasının 3, Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası, Milli Cəbhə Partiyası, Vəhdət Partiyası, Vətəndaş Birliyi Partiyası, Demokratik Maarifçilik Partiyasının hərəyə 1 mandatı var.
2021-ci ilin dövlət büdcəsi layihəsində Milli Məclis partiyaları üçün 4 milyon manat vəsait nəzərdə tutulub.