Dekabrın 24-ü Gürcüstan parlamentində yeni hökumətə etimad səsverməsi keçiriləcək. Novator.az-ın məlumatına görə, son parlament seçkisinin qalibi olan hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası hökumət üzvlərinin siyahısını belə müəyyən edib:
Georgi Qaxariya – baş nazir
David Zalkaliani – xarici işlər naziri
İrakli Qaribaşvili – müdafiə naziri
Qoça Lortkipanidze – ədliyyə naziri
Vaxtanq Qomelauri – daxili işlər naziri
İvane Maçavariani – maliyyə naziri
Natiya Turnava – iqtisadiyyat və davamlı inkişaf naziri
Levan Davitaşvili – ətraf mühit və kənd təsərrüfatı naziri
Mayya Skitişvili – regional inkişaf və infrastruktur naziri
Mixail Çxenkeli – təhsil, elm, mədəniyyət və idman naziri
Yekaterina Tikaradze – məcburi köçkünlərlə iş, əmək, səhiyyə və sosial müdafiə naziri
Teya Axvlediani – barışıq məsələləri və vətəndaş bərabərliyi üzrə dövlət naziri.
Gürcüstanda parlament seçkisi iki turda – oktyabrın 31-i və noyabrın 21-də keçirilib. Hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası 150 yerlik parlamentə 90 mandat əldə edib. Hökumət qurmaq üçün 76 mandat kifayətdir.
Baş nazir vəzifəsinə namizəd Georgi Qaxariya 1975-ci ildə doğulub. Tbilisi Dövlət Universitetini tarixçi, Moskva Dövlət Universitetini politoloq ixtisası ilə bitirib. 2016-2017-ci illərdə iqtisadiyyat və davamlı inkişaf naziri, 2017-ci ildən daxili işlər naziri olub. 2019-cu il sentyabrın 8-dən baş nazirdir.
Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası 2012-ci ildə yaradılıb, həmin il və 2016-cı ildə keçirilmiş parlament seçkilərində çoxluq əldə edərək hökumət qurub.
Partiyaya milyarder Bidzina İvanişvili sədrlik edir. Dövlət başçısı Salome Zurabişvili 2018-ci ilin prezident seçkisində Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının namizədi olub.
Mənbə: Sputnik-georgia.ru