ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden özünü koronavirus əleyhinə vaksinlə peyvənd etdirib.
O, Delavar ştatının “Christiana Care” xəstəxanasında “Pfizer”-“BioNTech” vaksini ilə peyvənd olunub.
“Pfizer”-“BioNTech” vaksini ABŞ-da kütləvi istifadəsinə icazə verilən koronavirus əleyhinə ilk vaksindir. Bu vaksini ABŞ-ın “Pfizer” şirkəti ilə Almaniyanın “BioNTech” şirkəti birgə hazırlayıb.
ABŞ Qida və Dərman Administrasiyası “Pfizer”-“BioNTech” vaksininin kütləvi istifadəsinə dekabrın birinci yarısında lisenziya verib. Bir neçə gün sonra administrasiya ABŞ-ın “Moderna” şirkətinin hazırladığı vaksinin də kütləvi tətbiqinə icazə verilməsi haqda qərar çıxarıb.
Həm “Pfizer”-“BioNTech”, həm də “Moderna” vaksinləri praym-bust strategiyasına əsaslanır, yəni birinci dozadan üç-dörd həftə sonra ikinci doza vurulur.
Birinci doza vurulandan sonra insanda immunitet yaranır, ancaq bu, optimal variant deyil. Ona görə üç-dörd həftə sonra ikinci doza da vurulur və təxminən yeddi-on günə insanda optimal immunitet əmələ gəlir.
Novator.az saytının məlumatına görə, Cozef Bayden peyvənd olunandan sonra mediaya açıqlamasında deyib: “Bunu ona görə edirəm ki, insanlar peyvəndlənməyə hazır olsunlar. Səbirsizliklə peyvəndin ikinci dozasının vurulmasını gözləyirəm”.
ABŞ prezidenti Donald Tramp payızda koronavirusa yoluxsa da, indiyədək peyvənd etdirməyib.
Cozef Bayden Donald Trampa bu il noyabrın 3-də keçirilmiş prezident seçkisində qalib gəlib.
Bayden prezident səlahiyyətlərinin icrasına 2021-ci il yanvarın 20-dən başlayacaq.
Cozef Bayden 1942-ci il noyabrın 20-də Pensilvaniya ştatının Skrenton şəhərində doğulub. 1965-ci ildə Delaver Universitetini tarix və politologiya ixtisasları ilə, 1968-ci ildə Sirakus Universitetinin Hüquq Məktəbini bitirib.
Bir müddət hüquqşünas kimi fəaliyyət göstərən Cozef Bayden 1972, 1978, 1984, 1990, 1996, 2002 və 2008-ci illərdə ABŞ Konqresinin yuxarı palatası olan Senatın üzvü seçilib.
1987-1995-ci illərdə Senatın Məhkəmə Komitəsinə, 2001-2003 və 2007-2009-cu illərdə Xarici Əlaqələr Komitəsinə sədrlik edib.
2009-2017-ci illərdə – Barak Obamanın prezidentliyi dövründə vitse-prezident postunu tutub.
Cozef Baydenin ilk həyat yoldaşı 1972-ci ildə qızı ilə birlikdə avtomobil qəzasında həlak olub. Həmin nikahdan Cozef Baydenin bir oğlu var. Onun digər oğlu 2015-ci ildə vəfat edib.
1977-ci ildə yenidən ailə quran Cozef Bayden ikinci nikahdan bir qız atasıdır.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus infeksiyası 196 ölkə, ərazi və məkanda 1 milyon 709 mindən çox insanın ölümünə səbəb olub.
ABŞ hələ də koronavirusa yoluxanların və bu infeksiyadan ölənlərin sayına görə dünyada ilk yerdədir. Bu ölkədə indiyədək 18 milyondan çox adam koronavirusa yoluxub, onlardan 327 min nəfərə yaxını vəfat edib.
Mənbə: CNN.com