İqtisadçı Rövşən Ağayev 2021-ci ilin dövlət büdcəsi layihəsini şərh edib. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, layihə iqtisadiyyatın (istər biznesin, istərsə də ev təsərrüfatlarının) suyunu çıxarıb büdcə üçün resurs almaq imkanının tükəndiyini göstərir: “Bu sıxma-boğma 2015-ci ilin devalvasiyası dövründə başladı, pandemiya ilində pikə çatdı. İndi biznes çökmüş vəziyyətdədir. Odur ki, əvvəllər dövlət şirkətlərindən büdcəyə 3-5 milyon manat dividend alan hökumət gələn üçün həmin mənbədən 168 milyon manat cəlb etməyə qərar verir.
Başqa bir məqam: hökumət heç vaxt olmadığı qədər – 2 milyard manat həcmində daxili borclanmaya getmək istəyir.
Büdcəyə dövlət borcu və zəmanəti üzrə öhdəliklərin təminat fondundan 880 milyon manat, Mərkəzi Bankın mənfəətindən 250 milyon manat cəlb etmək planlanır. Son 3 ildə büdcə Mərkəzi Bankın mənfəətinə ehtiyac hiss etmədiyi üçün vəsait təminat fonduna yönəldilirdi. 2020-ci ilin əvvəlinə fondun 1 milyard 228 milyon manatı vardı.
Vergi gəlirləri demək olar ki, artmır. Dövlət büdcəsi gəlirlərinin 1 milyard manatdan çox artımı qeyd etdiyim qeyri-vergi mənbələri hesabına təmin olunacaq.
Gələn il üçün proqnozlaşdırılan fiskal defisit (7 milyard manatdan çox) son 10 ilin ən ağır ili kimi tarixə düşən 2015-ci ildə belə yaranmadı. Həmin il fiskal defisit 2 milyard manat ətrafında olmuşdu.
Fiskal defisitin real həcmi daha böyükdür. “Büdcə sistemi haqqında” qanuna görə, dövlət zəmanəti ilə alınan, lakin xəzinədarlıq vasitəsilə icra olunmayan xarici borclar hesabına maliyyələşmələr büdcənin xərclərinə aid edilərək büdcə kəsirinin azaldılmasına yönəldilir. Sadəcə bizim büdcə informasiya açıqlığı və şəffaflığı sahəsində hələlik o səviyyəyə çatmayıb ki, bu cür detallarla bağlı açıqlamalar olsun”.
İqtisadçı Natiq Cəfərli şərhində qeyd edir ki, 2021-ci ildə dövlət büdcəsinin gəlirləri 25 milyard 427 milyon manat nəzərdə tutulur, bu da 2020-ci ilin proqnozu ilə müqayisədə 5,4% çoxdur: “Qeyri-neft sektoru üzrə gəlir proqnozu 11 milyard 851 milyon manatdır. Layihəyə görə, gəlirlərin 48,7%-ni vergi daxilolmaları, 33,5%-ni gömrük daxilolmaları, 7,6%-ni dövlət borcu və zəmanəti üzrə öhdəliklərin təminat fondundan köçürmə, 2,1%-ni Mərkəzi Bankın mənfəətindən ayırmalar, 8,1%-ni digər gəlirlər təşkil edəcək.
Bunlar proqnozdur, həyata keçməsi üçün iqtisadi aktivlik də bərpa olunmalıdır, bu isə çox çətin məsələdir. 2020-ci il kiçik və orta sahibkarları dizi üstə qoyub, onların özünə gəlməsi üçün böyük maliyyə dəstəyi lazımdır, bu da 2021-ci ilin büdcəsində görünmür, yəni yenə biznesi yükləməklə pul toplayacaqlarını düşünürlər.
Dövlət Neft Fondundan büdcəyə transfert 12 milyard 200 milyon manat qalır. Bu o deməkdir ki, büdcənin neftdən asılılığı azalmır, azalması üçün institusional addımlar atılmır.
Büdcə kəsrinin həcmini və başqa dolayı parametrləri nəzərə alsaq, 2021-ci il büdcəsindən devalvasiya qoxusu gəlir. Ola bilər ki, bu addımı gələn ilin fevral-mart aylarında atsınlar.
Dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərimiz üçün 2,2 milyard manat vəsait ayrılacaq – az məbləğ deyil, ictimai nəzarət, şəffaflıq olsa, xeyli iş görmək mümkündür.
2021-ci ildə Azərbaycan büdcədən 2,2 milyard manat ayırıb xarici borc qaytaracaq. Gələn il büdcə kəsirinin bir hissəsini maliyyələşdirmək üçün 2 milyard manatlıq dövlət istiqrazı yerləşdirmək planlaşdırılır – bu da əlavə borclanmaq deməkdir”.