Demokratik Qüvvələrin Milli Şurası bəyanat yayıb. Novator.az-ın məlumatına görə, bəyanatda Azərbaycanda koronavirus pandemiyası ilə bağlı acınacaqlı vəziyyətin yarandığı vurğulanır, qeyd olunur ki, vətəndaşlar saatlarla, bəzən günlərlə təcili tibbi yardım xidmətinə çağırış sifariş edə bilmir: “Nəticədə heç bir tibbi yardım ala bilməyən koronavirus xəstələrinin durumu ağırlaşır və sonradan edilən tibbi müdaxilənin bir çox hallarda faydası olmur.
Bütün dünyada demək olar ki, pulsuz edilən virus testləri ölkəmizdə hətta koronavirus xəstələrinin ailə üzvləri üçün pulludur və testlərin qiyməti ağır maddi məhrumiyyətlər yaşayan əhalinin imkanları ilə ziddiyyət təşkil edir. Hətta ağır xəstələrin ailə üzvləri, onlarla gündəlik təmasda olan insanlar testləri icra etməyə vəsait tapa bilmir, bu isə xəstəliyin daha sürətlə yayılmasına gətirib çıxarır.
Ölkədə həyata keçirilən koronavirus testlərinin keyfiyyəti aşağı səviyyədədir. Xəstə insanlara sağlam və əksinə diaqnozların qoyulması ilə bağlı çoxsaylı nümunələr var. Müxtəlif ölkələrdə bir neçə saatdan bir neçə günədək xəstəliyin tam diaqnostikası həyata keçirildiyi halda Azərbaycanda testlərin cavabını bəzən həftələrlə gözləmək lazım gəlir.
Koronavirusla mübarizə məqsədilə yaradılan xəstəxanaların və xəstə çarpayılarının sayında ciddi çatışmazlıq var. Bəzən çağırışa gələn təcili tibbi yardım xidməti xəstələri tibb müəssisələrinə yerləşdirə bilmir və evinə qaytarır. Bir çox xəstə yaxınları öz doğmalarını xəstəxanalara yerləşdirmək üçün rüşvət verdiklərini bildirir. Xəstəxanalara yerləşdirmə bir çox hallarda “yuxarıların tapşırığı” əsasında həyata keçirilir, sadə vətəndaşlar sosial diskriminasiyaya məruz qalırlar.
İxtisaslaşdırılmış xəstəxanaların çatışmazlığı nəticəsində xəstəxanaya yerləşə bilməyən bir çox xəstə evdə, öz şəxsi vəsaiti hesabına müalicə olunmaq məcburiyyətində qalır. Bu zaman dövlət onlara heç bir maddi yardım göstərmir, xəstələrin qeydiyyatda olduğu poliklinikalar bu xəstələri nə dərmanlarla, nə də həkim və tibb bacısı xidməti ilə təmin edir.
Dövlətdən heç bir maddi dəstək almayan xəstələr məcburiyyətdən yüksək ödəniş qarşılığında özəl fəaliyyət göstərən həkim və tibb bacılarının xidmətindən istifadə etməli olurlar”.
Bəyanatda o da vurğulanır ki, virusa yoluxmanın qarşısında ən ciddi maneə güclü insan immunitetidir: “Onsuz da əksəriyyəti maddi imkansızlıq səbəbindən yaxşı qidalanmayan Azərbaycan əhalisinin maddi durumu son bir ildə faciəvi şəkildə ağırlaşıb. 5 milyon nəfərdən çox əmək qabiliyyətli əhalinin yalnız 1,6 milyon nəfəri daimi iş yeri ilə təmin olunub. Ölkədə faktiki olaraq 3 milyon nəfərdən çox işsiz olmasına baxmayaraq dövlət səviyyəsində həyata keçirilən 190 manatlıq yardım proqramı yalnız 600 min nəfəri əhatə edir. 190 manat maddi yardımın bütün üzvləri aztəminatlı olan ailənin yalnız bir üzvünə verildiyini və ölkə üzrə istehlak mallarının, ərzaq və qida məhsullarının, kommunal xidmətlərin qiymətini nəzərə alsaq, bu vəsaitlə dörd-beş nəfərlik ailənin bir həftə ərzində belə öz ehtiyaclarını ödəməsi problemdir. Karantin səbəbi ilə bir ilə yaxındır işləməyən və bütün maddi resursları tükənən milyonlarla vətəndaşımızın sosial durumunun dözülməz həddədək ağırlaşması, insanların çörəklə sınağa çəkilməsi fonunda zəngin maliyyə resursları, 50 milyard dollardan çox ehtiyat vəsaiti olan dövlət hakimiyyətinin bu vəziyyəti görməzdən gəlməsi dözülməzdir.
Demokratik Qüvvələrin Milli Şurası Azərbaycan hökumətindən bu zəruri addımların atılmasını tələb edir:
– koronavirusla mübarizə məqsədilə təcili qaydada ən azı bir neçə modul tipli xəstəxana yaradılmalı, mövcud tibb müəssisələrində xəstə çarpayılarının sayı artırılmalı və xəstəliyi ağır şəkildə keçirən hər bir vətəndaş dərhal ixtisaslaşdırılmış xəstəxanalara yerləşdirilməlidir;
– koronavirus diaqnozu təsdiqlənmiş xəstəni xəstəxanaya yerləşdirmək mümkün deyilsə, o, bütün zəruri dərmanlarla və tibbi yardımla təmin edilməli və ya hər bir xəstəyə müalicə məqsədilə ən azı 1500 manat maddi yardım edilməlidir;
– bir çox ölkədə vaksinasiya işinin başladığını nəzərə alaraq Azərbaycan hökuməti təcili qaydada ölkə əhalisinin peyvəndləşdirilməsi proqramına start verməlidir;
– əhalinin maddi durumunun acınacaqlı həddədək pisləşdiyini, artan istehlak qiymətlərini, keyfiyyətli və sağlam qidalanmaya pandemiya şəraitində həmişəkindən daha çox ehtiyac olduğunu nəzərə almaqla karantin davam etdiyi müddətdə işləməyən hər bir Azərbaycan vətəndaşına hər ay 300 manat məbləğində maddi yardım edilməlidir”.
Demokratik Qüvvələrin Milli Şurasına tarixçi alim Cəmil Həsənli sədrlik edir. Qurumun liderlərindən biri AXCP sədri Əli Kərimlidir.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirusa Azərbaycanda ilk yoluxma bu il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də qeydə alınıb.
Nazirlər Kabineti yanında operativ qərargahın 21 dekabr hesabatında Azərbaycanda koronavirus infeksiyasına yoluxanların ümumi sayı 202088 nəfər, xəstəlik qurbanlarının ümumi sayı 2210 nəfər, müalicə altında olanların sayı 60099 nəfər göstərilib.
Koronavirus infeksiyasını cilovlamaq üçün martın 31-dən xüsusi karantin rejimi tətbiq olunur. Sərhədlər qapadılıb, dəfn mərasimləri istisna olmaqla yas mərasimləri, kütləvi tədbirlər, ad günləri, toy, nişan və bu kimi mərasimlər yasaqlanıb, başqa qadağalar qoyulub.
Dekabrın 14-dən ölkə üzrə bir çox sahədə iş və xidmətlər dayandırılıb. Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxış bağlanıb. Həmin ərazilərdə hərəkət məhdudiyyəti tətbiq edilib. Evdən çıxmaq üçün SMS icazə sistemindən istifadə etmək və ya Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurmaq gərəkdir.