Rusiya prezidenti Vladimir Putin dekabrın 17-də keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ məsələsinə də toxunub. O, Dağlıq Qarabağın beynəlxalq hüquq baxımından Azərbaycanın tərkib hissəsi olduğunu vurğulayaraq əlavə edib ki, bölgənin statusu məsələsinə sonra baxılmalıdır.
Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu bununla bağlı şərhində yazır ki, Rusiya prezidenti ikibaşlı mövqe ilə həm Ermənistanı, həm də Azərbaycanı təhdid edir: “Putin bildirmək istəyir ki, Qarabağın bu günü və gələcəyi tərəflərin özlərini necə aparmasından, daha doğrusu, Rusiyadan asılıdır. Noyabrın 10-dan Rusiya qoşunlarının Qarabağda yerləşməsi Ermənistanla Azərbaycanı, həm hakimiyyətləri, həm də hər iki ölkənin yaxın gələcəyini Moskvadan tam asılı vəziyyətə salıb. Əslində əvvəllər də hər iki ölkənin hakimiyyəti Putindən asılı vəziyyətdə olub, sadəcə Ermənistanın baş naziri Nikol Paşinyanın xəfif müstəqil siyasət təşəbbüslərinə ona dərs verilməklə son qoyulub”.
Novator.az-ın məlumatına görə, Qubad İbadoğlu yazır ki, Azərbaycan Rusiyanın arzuolunmaz təsir dairəsindən çıxmaq üçün təxirəsalınmaz tədbirlər həyata keçirməli, Türkiyə ilə bütün sahələrdə, xüsusilə də hərbi müstəvidə əməkdaşlıq gücləndirilməli, maliyyə və insan resurslarından daha rasional istifadə olunmalı, siyasi hakimiyyətlə xalq arasında Vətən müharibəsi dövründə yaranmış həmrəylik qorunmalı və möhkəmləndirilməlidir: “Türkiyə ilə hərbi müttəfiqlik – əməkdaşlıq deyil, məhz müttəfiqlik – sazişi imzalamaqla Azərbaycan-Türkiyə hərbi ittifaqının yaranmasına nail olmalıyıq. Türkiyə Ordusunun Azərbaycanda təlim və hazırlıq bazalarını formalaşdırmaqla peşəkar ordu yaratmalı, silahlı qüvvələrin texniki silahlanma, bilik və bacarıqlarını daim artırmalıyıq.
Azərbaycanın üstün maliyyə və insan resurslarını gücləndirmək üçün bütün sahələrdə gerçək islahatlar aparmalı, milli iqtisadiyyatın şaxələndirilmiş, institutlara bağlı olan dayanıqlı inkişafına nail olmalıyıq. Bu isə təhsilin inkişafından və yeni texnologiyaların mənimsənməsindən keçir.
Xalqın etimadını doğruldan hakimiyyət komandası formalaşdırılmalı, hökumət, məhkəmə, prokurorluq, hüquq mühafizə və ədliyyə sistemi korrupsionerlərdən təmizlənməli, siyasi hakimiyyətlə biznes hakimiyyəti ayrılmalı, parlament siyasi partiyaları təmsil edən qanun yaradıcılarından, peşəkarlardan ibarət qanunverici instituta çevrilməlidir. Azad biznes, müstəqil vətəndaş cəmiyyəti və mətbuatın inkişafı üçün hüquqi və tənzimləyici baryerlər aradan qaldırılmalı, işsizlik və yoxsulluğa qarşı effektiv mübarizə vasitələri ilə əhalinin rifah halı yaxşılaşdırılmalıdır”.
1923-cü ildə Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb.
1988-ci ildə vilayətdə bölgənin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlayıb.
1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb, Azərbaycan parlamenti Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv edib.
1994-cü ildə atəşkəslə dayanan işğalçı müharibədə Dağlıq Qarabağ və onun ətrafındakı bölgələr ermənilərin əlinə keçib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı hərbi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi azad olunub.
Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Rusiya prezidenti Vladimir Putinin noyabrın 10-da açıqlanan birgə bəyanatı ilə hərbi əməliyyatlar dayandırılıb.
Dağlıq Qarabağda təmas xətti və bölgə ilə Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi boyu Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib.
Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu, dekabrın 1-də Laçın rayonunu Azərbaycana qaytarıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsi ermənilərin nəzarətində qalır. Dağlıq Qarabağdakı işğalçı rejim özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandırır.