“Darmadağın edilmiş ordu Paşinyanın ordusu deyil”
Dekabrın 18-də Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının video formatında iclası keçirilib. Zirvə görüşünə Rusiya, Belarus, Moldova, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan prezidentləri, Qırğızıstan prezidenti səlahiyyətlərinin icraçısı, MDB Parlamentlərarası Assambleyasının sədri və MDB İcraiyyə Komitəsinin sədri-icraçı katibi qatılıblar.
AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev sammitdə çıxış edib. O, Azərbaycanla Ermənistan arasında müharibəyə toxunub: “Müharibənin nəticələri məlumdur. Azərbaycan uzun illər ərzində ölkəmizin xeyli ərazisini, beynəlxalq miqyasda tanınmış ərazilərini işğal altında saxlayan işğalçı ölkə üzərində qələbə qazandı. Bizim məlumatımıza görə, müharibə nəticəsində Ermənistan silahlı qüvvələrinin potensialının 80 faizindən çoxu məhv edilib. Azərbaycan üçün bu, Vətən müharibəsi, azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq, istilaçılıq müharibəsi idi.
1990-cı illərin əvvəlində Ermənistan Azərbaycanda yaranmış xaos, hərc-mərclik və hakimiyyətsizlik şəraitindən istifadə edərək təcavüz aktı törətdi, nəticədə Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinin təqribən 20 faizi, o cümlədən Dağlıq Qarabağ və Azərbaycanın digər yeddi rayonu işğal edildi, həm Dağlıq Qarabağda, həm də Dağlıq Qarabağın hüdudlarından kənarda, həmçinin Ermənistanda azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə aparıldı.
Bu gün xarici diplomatlar və jurnalistlər Ağdama, Füzuliyə, Cəbrayıla və vaxtilə işğal edilmiş digər ərazilərə səfər edərkən orada nələr edildiyini və bizim torpaqlarda necə vandalizm törədildiyini öz gözləri ilə görürlər. Şəhərlər, kəndlər, xalqımızın tarixi, dini abidələri dağıdılıb. Biz bu işğala özümüz silah gücünə, oğullarımızın rəşadəti və igidliyi sayəsində son qoyduq və əslində BMT Təhlükəsizlik Şurasının 27 il bundan əvvəl qəbul edilmiş, erməni işğalçı qüvvələrinin işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edən qətnamələrini həyata keçirdik.
ATƏT-in Minsk qrupunun yaradıldığı 1992-ci ildən keçən 28 il ərzində Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edirdi. Status-kvonun saxlanmasına yönəlmiş bütün cəhdlər Ermənistan rəhbərliyinin danışıqlar trekində imitasiya xarakterli hərəkətləri ilə maskalanırdı. Əslində, təkcə bizi deyil, həm də beynəlxalq vasitəçiləri aldadırdılar. Üzə çıxmış yeni informasiya, xüsusən işğal edilmiş ərazilərdə aparılmış mühəndis-istehkam işləri nəzərə alınmaqla məlum olur ki, Ermənistan işğal etdiyi ərazilərin bircə qarışını belə qaytarmağa hazırlaşmırdı. Beləliklə, bütün bu 28 il ərzində Ermənistan rəhbərliyi onun ali vəzifəli şəxslərinin timsalında beynəlxalq birliyi çaşdırırdı”.
Sentyabrın 27-dən aparılan hərbi əməliyyatlardan söz açan prezident deyib ki, 44 gün ərzində düşmən kapitulyasiya edib: “Bu müddət ərzində biz 300-dən artıq yaşayış məntəqəsini, strateji yüksəklikləri, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, şəhər tipli Suqovuşan, Hadrut qəsəbələrini, Xocavənd rayonunun bir hissəsini, Murovdağ dağ silsiləsini, həmçinin Laçın, Kəlbəcər rayonlarının bir hissəsini azad etdik. Noyabrın 8-də isə Azərbaycanın qədim Şuşa şəhəri erməni işğalından azad olundu. Bununla da əslində hərbi əməliyyatlara son qoyuldu, çünki Şuşa şəhərinin azad edilməsindən sonra erməni ordusunun hər hansı müqaviməti tamamilə mənasız idi və hərbi əməliyyatların davam etdirilməsi böyük insan itkisinə səbəb ola bilərdi. Çünki erməni ordusu darmadağın edilmiş və mənəvi cəhətdən sarsıdılmışdı, onun bir hissəsi mühasirədə idi.
Noyabrın 9-da Rusiya prezidenti, Azərbaycan prezidenti və Ermənistan baş nazirinin üçtərəfli bəyanatının mətni razılaşdırıldı. Noyabrın 9-dan 10-na keçən gecə imzalanmış həmin bəyanatda çox mühüm bəndlər var. O cümlədən dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarının azad edilməsi nəzərdə tutulurdu. Razılaşmanın bəndləri yerinə yetirilib.
Rusiya Federasiyasının sülhməramlı missiyası çox uğurla həyata keçirilir. Azərbaycan Respublikasının müvafiq strukturları ilə daim əlaqədədir. Bəyanatın imzalanmasından ötən ay yarıma yaxın vaxt ərzində atəşkəsin pozulması ilə bağlı bir insident olub və bizdə olan məlumata görə bunu Ermənistanın hakimiyyət orqanlarının nəzarəti altında olmayan qondarma könüllülər, əslində isə Azərbaycan Ordusunun mövqelərinin arxasında gizlənmiş yaraqlılardan ibarət qruplar təşkil edib. İnsident bircə gün ərzində aradan qaldırılıb, atəşkəs rejimi saxlanır və düşünürəm ki, bu rejim günbəgün daha da möhkəmlənəcək. Ağdam rayonunda Rusiya-Türkiyə Monitorinq Mərkəzinin yaradılması üzrə iş gedir. Monitorinq Mərkəzinin yaradılması barədə birgə bəyanatda da deyilir ki, bu mərkəz vəziyyətin monitorinqini həyata keçirəcək.
İndi Ermənistanda çox gərgin vəziyyət yaranıb. Ermənistanda gedən daxili siyasi proseslərə əsla müdaxilə etmək niyyətində olmadan bircə onu demək istərdim ki, darmadağın edilmiş ordu Paşinyanın ordusu deyil, bu, 20 il ərzində Köçəryanın və Sərkisyanın yaratdığı ordudur. Bizim şəhərlərimizi – Ağdamı, Füzulini, Cəbrayılı, Zəngilanı, Qubadlını və başqalarını Paşinyanın ordusu məhv etməyib, o, belə göstərişlər verməyib. Bütün bunları Köçəryan və Sərkisyanın – MDB üzrə bizim belə adlandırılan keçmiş həmkarlarımızın, 20 il ərzində bizim iclaslarda iştirak edən insanların, uzun illər boyu mənimlə danışıqlar aparan adamların rejimi etmişdi. Biz bilirdik ki, onların əlləri Azərbaycan xalqının qanına bulaşıb, lakin biz həmin ərazilərə gələndə onların törətdiklərinin bütün dəhşətini, bütün faciəviliyini gördük. Buna görə də indi vəziyyətdən öz siyasi məqsədləri üçün istifadə etməyə və Paşinyana hücum etməyə çalışanlar başa düşməlidirlər ki, bunu onun ordusu etməyib. O, ordu yaratmağa macal tapmazdı və praktiki olaraq bunu edə də bilməzdi, bunun üçün vaxt lazım idi, lakin 20 il ərzində bu ordunu Köçəryan və Sərkisyan yaradıb, biz onların ordusunu darmadağın etmişik”.
MDB-nin əsası Rusiya, Belarus və Ukrayna dövlət başçılarının 8 dekabr 1991-ci ildə imzaladığı sazişlə qoyulub.
21 dekabr 1991-ci ildə Moldova, Azərbaycan, Ermənistan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan sazişi imzalayaraq MDB-yə qoşulublar.
Azərbaycanın MDB-yə qoşulması 20 sentyabr 1993-cü ildə rəsmiləşib. 1993-cü il dekabrın 9-da Gürcüstan da MDB-yə daxil olub.
Sonralar Rusiyanın hərbi təcavüzünə məruz qalan Gürcüstan və Ukrayna MDB-dən ayrılıblar.
MDB-nin icra orqanı Minskdə yerləşir.