FİFA 2020-ci ilin “The Best” mükafatlarının sahiblərinin adlarını açıqlayıb. İlin ən yaxşılarını müəyyənləşdirmək üçün keçirilən sorğuda Azərbaycanı təmsil edən tanınmış jurnalist Rasim Mövsümzadə seçimləri barədə fikirlərini Novator.az saytı ilə bölüşüb:
– Mayda İspaniyanın nüfuzlu “Marka” nəşri pandemiya səbəbindən futbolda fasilə yaranması və bəzi yarışların təxirə salınmasına görə FİFA-nın 2020-ci il üçün mükafatlarını ləğv etdiyini yazmışdı. Beynəlxalq Futbol Federasiyası bu xəbəri rəsmən təsdiqləmədiyindən noyabra kimi qeyri-müəyyənlik davam etdi.
2018-ci ildən FİFA ən yaxşıları sentyabrda açıqlamaq barədə qərar versə də, bu dəfə sorğu ilin sonunda keçirildi. Səsvermədə ənənəvi olaraq milli komandaların baş məşqçiləri və kapitanları, həmçinin jurnalistlər və azarkeşlər iştirak ediblər.
Almaniya “Bavariya”sının və Polşa millisinin hücumçusu Robert Levandovski ən yaxşı futbolçu seçilərək “The Best” mükafatına layiq görülüb. Kriştiano Ronaldo 2-ci, Lionel Messi 3-cü yeri tutublar.
Mənə gəlincə, “Bavariya”nın Çempionlar Liqası başda olmaqla bütün beynəlxalq və daxili yarışları udması, “Liverpul”un 1990-cı ildən sonra ilk dəfə İngiltərədə zirvəni fəth etməsi və Madrid “Real”ının üç illik aradan sonra İspaniya çempionluğu qazanmasını 2020-ci ilin ən diqqətçəkən hadisələri kimi nəzərə alıb səs vermişəm.
Kişilər arasında ən yaxşı futbolçunu müəyyənləşdirmək üçün keçirilən sorğuda anketimdə 1-ci yerdə Levandovskini, 2-ci yerdə Sadio Maneni, 3-cü yerdə Serxio Ramosu yazmışam. Yekunda Mane 4-cü yeri tutub. Serxio Ramos ilk onluğa daxil olmasa da, ilin rəmzi yığmasında yer alıb.
Münsiflər heyətinin bəzi üzvləri, o cümlədən “Bavariya”nın kamerunlu hücumçusu Erik Şupo-Motinq, “Napoli”nin seneqallı müdafiəçisi Kalidu Kulibali, amerikalı məşqçi Qreqq Berhalter, xorvatiyalı jurnalist və başqaları da mənim kimi səs veriblər.
Kişilər arasında ən yaxşı məşqçini müəyyənləşdirmək üçün keçirilən sorğuda anketimdə 1-ci yerdə Hans-Dieter Fliki, 2-ci yerdə Yürgen Kloppu, 3-cü yerdə Zinədin Zidanı yazmışam. İlk iki məşqçi arasında gərgin mübarizənin getdiyini və xal hesabında bərabərliyin olmasına rəğmən milli komandaların baş məşqçilərinin daha çox səsini qazanması sayəsində Kloppun qalib elan olunduğunu, “Lids”i çalışdıran Marselo Bielsanın 3-cü, Zidanın yekunda 4-cü yeri tutduğunu da bildirim.
Yeri gəlmişkən, “Beşiktaş”ın kanadalı yarımmüdafiəçisi Atiba Hatçinson, “Yuventus”un italiyalı müdafiəçisi Corco Kyellini, “Tottenhem”in cənubi koreyalı hücumçusu Son Hın Min, “Atletiko”nun sloveniyalı qapıçısı Yan Oblak, xorvatiyalı məşqçi Zlatko Daliç, uruqvaylı məşqçi Oskar Tabares və bir çoxları da bu sorğuda məhz mənim kimi səs verib.
Kişilər arasında “Ən yaxşı qapıçı” nominasiyasında qalib “Bavariya”lı Manuel Noyer olsa da, sonrakı yerləri “Liverpul”dan Alisson və “Atletiko”dan Yan Oblak tutublar. Mən də elə bu qapıçılara səs vermişəm, sadəcə öz anketimdə Oblakı 2-ci, Alissonu isə 3-cü yazmışam.
Qadınlara gəlincə, İngiltərə millisinin və “Mançester Siti”nin müdafiəçisi Lüsi Bronz ən yaxşı futbolçu seçilib. Anketimdə adını ilk pillədə qeyd etdiyim danimarkalı Pernille Harder 2-ci olub.
Fransa millisinin və Çempionlar Liqasının qalibi “Lion”un qapıçısı Sara Buhaddi çilili Kristiana Endler və amerikalı Alissa Naeheri qabaqlayaraq ən yaxşı qapıçı seçilib. Mən də bu sorğuda elə ilk üçlükdə qərarlaşan qapıçılara eyni ardıcıllıqla səs vermişəm.
Bu il millilər arasında böyük yarışlar keçirilməsə də, Niderland komandasını çalışdıran Sarina Viqman ən yaxşı məşqçi seçilib. Anketimdə birinci yazdığım Çempionlar Liqasının qalibi “Lion”un baş məşqçisi Jan-Lük Vasser yekunda 2-ci yerdə qərarlaşıb.