Prezident İlham Əliyev Azərbaycan Respublikası ərazilərinin işğaldan qurtulmasında xidməti olan bir qrup hərbi qulluqçunu “İgidliyə görə” medalı (Siyahı); “Cəsur döyüşçü” medalı (Siyahı); “Döyüşdə fərqlənməyə görə” medalı (Siyahı) ilə təltif edib. Sərəncamlar dekabrın 18-də imzalanıb.
“Cəsur döyüşçü” medalı alanların arasında Novator.az-da haqqında yazı getmiş qazi, baş leytenant Hüseyn Ələkbərli də var.
Tank bölüyünün komandiri olan 1995-ci il təvəllüdlü Hüseyn Ələkbərli sentyabrın 29-da ağır kontuziya, çoxsaylı qəlpə yaraları alıb. Silahlı Qüvvələrin Mərkəzi Klinik Hospitalında, Mərkəzi Gömrük Hospitalında müalicə olunub, hazırda Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında yatır.
Hüseyn Ələkbərli ehtiyatda olan polis mayoru, 1988-1994-cü illərdə Qarabağ cəbhəsində döyüşmüş, 1991-ci ildə Şuşanın Nəbilər kəndində başından güllə yarası almış Elxan Ələkbərovun oğludur.
Qəhrəman adı alan, təltif edilən hərbçilər
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox kənd və qəsəbəsi azad olunub.
Noyabrın 10-da hərbi əməliyyatlar dayandırılıb. Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu, dekabrın 1-də Laçın rayonunu Azərbaycana qaytarıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsi işğalda qalır.
Rəsmi hesabata görə, müharibədə Silahlı Qüvvələrin 2783 hərbi qulluqçusu şəhid olub.