İqtisadçı Rövşən Ağayev 2020-ci ilin yanvar-sentyabr ayları üzrə ödəmələr balansına diqqət yönəldib. Novator.az-ın məlumatına görə, ekspert özünün “Facebook” səhifəsində yazır: “Doqquz ayda Azərbaycanın xaricdəki mülkiyyətindən (əmlakından) əldə etdiyi faiz gəlirləri, fiziki və hüquqi şəxslərin xaricdəki qazancları (mənfəətləri) hesabına ölkəyə 1 milyard 164 milyon dollar daxil olub. Bunun 114 milyon dolları neft-qaz sərmayələri üzrə əldə edilib. Yerdə qalan hissə, güman ki, əsasən Dövlət Neft Fondunun aktivlərinin idarə olunmasından daxilolmalardır.
Eyni əməliyyatlar hesabına əcnəbilərin Azərbaycandan çıxardıqları vəsaitlərin həcmi 1 milyard 964 milyon dollar göstərilir. Bunun 1 milyard 474 milyon dolları xarici neft şirkətlərinin əldə etdiyi mənfəətin repatriasiyası ilə bağlıdır. Təxminən 500 milyon dollar xarici investorların qeyri-neft sektorundan əldə etdiyi mülkiyyət gəlirlərinə və mənfəətə aiddir. Bura xarici kreditlərə görə ödədiyimiz faizlər də daxildir.
Başqa bir maralı məqam ticarət kreditləri və avansların aktivlər hissəsi ilə bağlıdır. 2015-2019-cu illər üzrə 9 aylıq tədiyyə balansı statistikasına diqqət edin: bu maddə üzrə hər il 2,5 milyard dollara yaxın müsbət qalıq yaranıb. Təkcə 2019-cu il üzrə 700 milyon dollar müsbət göstərici var.
Ticarət kreditləri və avansların aktivlər hissəsi ixracın hələ ölkəyə daxil olmayan dəyəri ilə idxalın hələ reallaşmayan dəyərinin cəmini əks etdirir. 2020-ci ilin doqquz ayında bu maddə üzrə mənfi 86,7 milyon dollar qalıq yaranıb. 2,5 milyard dollar müsbət qalıqdan 86 milyon dollar mənfi qalığa keçid analitik jurnalistikanın diqqətini çəkməyə bilərmi? Media maraqlansa, Mərkəzi Bank bu mənzərənin yaranma səbəbini daha etibarlı arqumentlərlə şərh edəcək”.