Prezident İlham Əliyev dekabrın 17-də Əfqanıstanın yeni səfiri Amanullah Ceyhunun etimadnaməsini qəbul edib. AZƏRTAC xəbər verir ki, İlham Əliyev Əfqanıstana Ermənistan-Azərbaycan münaqişəsinin həllində dəstəyə görə təşəkkürünü bildirib: “Əfqanıstan Azərbaycanın ərazi bütövlüyü məsələsində hər zaman açıq mövqe nümayiş etdirib. Bizi hər zaman dəstəkləyib və prezident, xarici işlər naziri, digər yüksək rütbəli məmurlar səviyyəsində bu məsələni vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.
Biz bu dəstəyi müharibə zamanı da hiss etdik. Əfqanıstan Azərbaycana ictimai şəkildə dəstək verən ilk ölkələrdən oldu. Biz buna görə minnətdarıq, bütün Azərbaycan xalqı bunu bilir və yüksək qiymətləndirir. Biz bunu qardaşlıq rəmzi və eyni zamanda beynəlxalq hüquqa hörmətin əlaməti hesab edirik. Çünki tarixi həqiqət və tarixi ədalət bizim tərəfimizdədir. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və beynəlxalq ictimaiyyətdə də belə tanınır.
Ərazi bütövlüyümüzün bərpası və Vətən müharibəsində qələbəmiz dövlətimizin gücünü, Azərbaycan xalqının iradəsini və sözümüzlə əməlimizin bir olduğunu nümayiş etdirdi. Müharibənin başa çatdırılması və işğal edilmiş ərazilərimizin azad olunması ilə bağlı Azərbaycan xalqı qarşısında verilən vədlər və götürülmüş öhdəliklər yerinə yetirilib.
Hazırda biz Azərbaycanın inkişafının yeni mərhələsinin astanasındayıq. Ərazilərimizin bərpası və yenidən qurulması mərhələsindəyik. İşğal edilmiş ərazilərin dağıdılması ilə bağlı videomateriallar təqdim edilib. Bizim bütün şəhər və kəndlərimiz viran edilib, tarixi abidələrimiz dağıdılıb, mədəni abidələrimiz yerlə-yeksan olunub. Məscidlərimiz ya dağıdılıb, ya da onlar heyvan saxlanması üçün istifadə edilib. Bununla onlar təkcə azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının hisslərini təhqir ediblər. Həmin şəkilləri və videomaterilları görən dünya müsəlmanları bir daha anlayır ki, uzun illər ərzində biz hansı bəla ilə üz-üzə idik və ərazilərimizi, torpaqlarımızı azad edərək tarixi köklərimizə qayıtmaqla biz nəyə nail olmuşuq.
Bəzi hallarda Ermənistan müsəlman ölkələri ilə əlaqələr yaratmaq və ya münasibətləri möhkəmləndirmək cəhdləri edir. Lakin əminəm, həmin videoları görən dünya müsəlmanları öz hökumətlərinə güclü mesaj verəcəklər ki, məscidləri dağıdan, orada donuz saxlayan və islamofobiyanı təşviq edən ölkə ilə hər hansı təmaslardan çəkinsin. Burada siyasi, yaxud digər maraqlar ola bilər, ancaq bütün dünya müsəlmanların səslərini birləşdirməli, təcavüzkara güclü bir mesaj göndərməlidir ki, onların etdikləri unudulmayacaq”.
1988-1994-cü illərin təcavüzündə Ermənistan Azərbaycanın bütün cənub-qərbini işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox kənd və qəsəbəsi hissəsi azad olunub.
Noyabrın 10-da hərbi əməliyyatlar dayandırılıb. Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu, dekabrın 1-də Laçın rayonunu Azərbaycana qaytarıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsi işğalda qalır.