Əmanətlərin Sığortalanması Fondunun dekabrın 16-na olan hesabatına görə, qapadılmış “Atabank”, “Amrah Bank”, “AGBank” və “NBCBank” banklarının əmanətçilərinə qorunan əmanətlər üzrə 613,8 milyon manat kompensasiya ödənib. Ödəniş alanların sayı 24073 nəfər göstərilir.
Mərkəzi Bank “Atabank”la “Amrah Bank”ın lisenziyalarını aprelin 28-də, “AGBank”la “NBCBank”ın lisenziyalarını mayın 12-də ləğv edib. Banklarda əhalinin qorunan əmanətlərinin ümumi məbləği 686 milyon manat göstərilib.
“Atabank” və “Amrah Bank”ın əmanətçilərinə kompensasiyaların ödənməsinə iyunun 1-dən başlanıb. “AGBank” və “NBCBank”ın əmanətçiləri kompensasiyaları iyunun 16-dan alırlar.
2016-cı ildən əmanətlər tam sığortalanır. Hazırda qayda illik faiz dərəcəsi milli valyutada 12 faizdən, xarici valyutada 2,5 faizdən yüksək olmayan əmanətləri əhatə edir.
“Əmanətlərin tam sığortalanması haqqında” qanunun tətbiq müddəti 2021-ci il aprelin 5-dək uzadılır. Layihə parlamentin iki oxunuşundan keçib.
Milli Məclis “Əmanətlərin sığortalanması haqqında” qanuna dəyişiklikləri də iki oxunuşda qəbul edib. Novator.az bildirir ki, layihəyə görə, fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləği 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) artırılır.
Başqa bir yeniliyə əsasən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bank hesablarında olan vəsaitlərin maksimum 20 min manatı, notariusların depozit hesablarında qalmış, fiziki şəxslərə məxsus pul vəsaitləri tam məbləğdə sığortalanır.
Qanunda dəyişikliklər rəsmiləşsə, 5 aprel 2021-ci ildən qüvvəyə minəcək.