Dekabrın 17-də baş nazir Əli Əsədov prezidentin 14 dekabr sərəncamının icrası ilə bağlı sənəd imzalayıb. Əli Əsədovun sərəncamına əsasən, Maliyyə Nazirliyinə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənməsi üçün ilkin olaraq 9 milyon 68 min 128 manat (bank xidməti ödənişləri də daxil olmaqla) ayırmaq tapşırılıb.
Vəsaitin 2 milyon 920 min 500 manatı Gəncə Şəhər İcra Hakimiyyətinə, 67 min manatı Mingəçevir Şəhər İcra Hakimiyyətinə, 1 milyon 848 min 500 manatı Ağdam Rayon İcra Hakimiyyətinə, 586 min manatı Ağcabədi Rayon İcra Hakimiyyətinə, 233 min manatı Bərdə Rayon İcra Hakimiyyətinə, 124 min manatı Beyləqan Rayon İcra Hakimiyyətinə, 41 min manatı Cəbrayıl Rayon İcra Hakimiyyətinə, 4 min manatı Naftalan Rayon İcra Hakimiyyətinə, 2 milyon 296 min 500 manatı Tərtər Rayon İcra Hakimiyyətinə, 494 min 500 manatı Füzuli Rayon İcra Hakimiyyətinə, 421 min 500 manatı Goranboy Rayon İcra Hakimiyyətinə veriləcək, 10 gün müddətində yaşayış evlərinin sahiblərinin və ya onların qanuni nümayəndələrinin bank hesablarına köçürüləcək.
Prezident İlham Əliyevin 14 dekabr sərəncamına görə, mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı bu məbləğlərdə maddi yardım ödənəcək:
– dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat;
– digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı hərbi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi azad olunub.
Noyabrın 10-da hərbi əməliyyatlar dayandırılıb. Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu, dekabrın 1-də Laçın rayonunu Azərbaycana qaytarıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsi ermənilərin nəzarətində qalır.
Ermənistan silahlı qüvvələri 44 günlük müharibədə Tərtər, Goranboy, Bərdə, Yevlax, Ağcabədi, Beyləqan, Füzuli, Ağdam rayonlarını, Naftalan, Gəncə, Mingəçevir şəhərlərini və başqa əraziləri (Daşkəsən, Gədəbəy, Göygöl, Kürdəmir, Qəbələ, Abşeron, Xızı, Siyəzən) atəşə tutub, 94 mülki şəxs həlak olub, 414 nəfər xəsarət alıb, 3410 yaşayış evi, 120 çoxmənzilli bina, 512 mülki obyekt dağılıb.
Prezident İlham Əliyevin 6 noyabr sərəncamı ilə mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə dövlət komissiyası yaradılıb. Komissiyaya baş nazir Əli Əsədov sədrlik edir.