Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üç üzvündən ikisi Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul etməkdən boyun qaçırıb.
Novator.az xəbər verir ki, hadisə dekabrın 15-də Sergey Lavrov Bosniya və Herseqovinada işgüzar səfərdə olduğu vaxt baş verib.
Lavrovu qəbul etməkdən imtina edənlər Jelko Komşiç və Şefik Caferoviçdir.
Onlar bu addımlarını Rusiya xarici işlər nazirinin Bosniya və Herseqovinanın mənafeyinə zidd bəyanatı ilə əlaqələndiriblər. Belə ki, Sergey Lavrov Bosniya və Herseqovinanın NATO-ya üzv olmasına qarşı çıxır.
Dekabrın 15-də Rusiyanın xarici işlər naziri Bosniya və Herseqovinanın Rəyasət Heyətində yalnız Milorad Dodiklə görüşə bilib.
Sergey Lavrov “Rossiya 24” telekanalına açıqlamasında onunla görüşməkdən imtina edən Jelko Komşiç və Şefik Caferoviçi xarici qüvvələrin təsirinə düşməkdə, Rusiya-Bosniya münasibətlərinin yaxşılaşmasına maraq göstərməməkdə qınayıb.
Bosniya və Herseqovina iki entitetdən və bir dairədən – Bosniya və Herseqovina Federasiyasından, Serb Respublikasından və Brçko dairəsindən ibarətdir.
Rəyasət Heyəti kollektiv ali icra hakimiyyəti orqanıdır, bir növ dövlət başçıları şurasıdır.
Rəyasət Heyətinin üç üzvü olur. Biri xorvatları, biri müsəlmanları, biri serbləri təmsil edir.
Hər üç şəxs Rəyasət Heyətinə eyni vaxtda eyni müddətə (dörd illiyə) seçilir.
Xorvat və müsəlman üzvlər Bosniya və Herseqovina Federasiyasından, serb üzv isə Serb Respublikasından seçilir.
Rəyasət Heyətinin üzvləri rotasiya qaydasında 8 ay ərzində quruma sədrlik edirlər. Sədrlik növbəsi seçki zamanı daha çox səs toplamış üzvdən başlanır.
Hazırda Jelko Komşiç Rəyasət Heyətində xorvatları, Şefik Caferoviç müsəlmanları, Milorad Dodik serbləri təmsil edir. Onlar Rəyasət Heyətinə 2018-ci ilin payızında seçiliblər.
2020-ci ilin noyabr ayının 20-dən Bosniya və Herseqovinanın Rəyasət Heyətinə Milorad Dodik sədrlik edir.
Mənbə: Vesti.ru