Siyasətçi Aleksey Navalnının zəhərlənməsi əməliyyatını Rusiya Federal Təhlükəsizlik Bürosunun səkkiz əməkdaşı icra edib. Novator.az xəbər verir ki, bunu bir neçə KİV-i təmsil edən jurnalistlərin birgə apardığı araşdırma üzə çıxarıb.
Araşdırmada Rusiyanın “The İnsider”, Böyük Britaniyanın “Bellingcat” internet nəşrlərinin, ABŞ-ın CNN kanalının və Almaniyanın “Der Spiegel” qəzetinin əməkdaşları iştirak edibər.
Rusiya, Avropa və Amerika KİV-lərində işıqlandırılan araşdırmada bildirilir ki, Navalnının zəhərlənməsi əməliyyatını icra edənlər Rusiya Federal Təhlükəsizlik Bürosunun Kriminalistika İnstitutunun işçiləri adı altında fəaliyyət göstərirlər, əslində isə onlar büronun məxfi bölməsində işləyirlər.
Jurnalist araşdırmasında həmin əməkdaşların hamısının adı çəkilib, bəzisinin ləqəbi də göstərilib: Stanislav Makşakov, Oleq Tayakin (ləqəbi “Tarasov”), Aleksey Aleksandrov (ləqəbi “Frolov”), İvan Osipov (ləqəbi “Spiridonov”), Konstantin Kudryavtsev (ləqəbi “Sokolov”), Aleksey Krivoşekov, Mixail Şvets (ləqəbi “Stepanov”), Vladimir Panyayev.
Jurnalistlərin verdiyi məlumata görə, qrupa bir zamanlar Rusiyadakı Dövlət Orqanik Sintezlər Texologiyaları İnstitutunda kimyəvi silahların yeni növlərini hazırlamaqla məşğul olmuş Stanislav Makşakov başçılıq edib. Oleq Tayakin (“Tarasov”) qrupda ikinci adam olub, bir növ Makşakovun müavini funksiyasını yerinə yetirib.
Stanislav Makşakovun əməliyyat ərəfəsində Federal Təhlükəsizlik Bürosu rəhbərliyindən ən çox general-leytenant Vladimir Boqdanovla əlaqə saxladığı qeyd olunur. Boqdanovun Federal Təhlükəsizlik Bürosunda xüsusi texniki vasitələrlə bağlı mərkəzə rəhbərlik etdiyi vurğulanır.
Boqdanovun isə göstərişləri Federal Təhlükəsizlik Bürosunun direktoru Aleksandr Bortnikovdan aldığı iddia edilir.
Rusiyalı siyasətçi Aleksey Navalnı 2020-ci il avqustun 20-də zəhərlənib. Həmin gün o, Rusiyanın Tomsk şəhərindən paytaxt Moskvaya uçarkən özünü pis hiss edib, huşunu itirib, Omsk şəhərində təcili eniş zərurəti yaranıb, siyasətçi 1 saylı Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, avqustun 22-də Berlinə aparılıb, “Şarite” klinikasında müalicə alıb.
Almaniya hökuməti Aleksey Navalnının sinir iflici törədən, kimyəvi silah sayılan “Noviçok” adlı xüsusi maddə ilə zəhərləndiyini açıqlayıb. Bu, Almaniya Silahlı Qüvvələrinin toksikoloji laboratoriyasında aparılan analizdə üzə çıxıb. Fransa və İsveçin laboratoriyaları bu versiyanı təsdiqləyib.
Rusiya hakimiyyəti Navalnını xüsusi xidmət orqanının zəhərlədiyi haqda iddiaları rədd edib.
Dekabrın 12-də Böyük Britaniyanın “The Times” qəzeti Navalnının bir yox, iki dəfə zəhərləndiyini yazıb. Qəzet iddia edib ki, Navalnı Omsk şəhərində 1 saylı Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsində olduğu vaxt Rusiyanın xüsusi xidmət orqanının əməkdaşları onu ikinci dəfə “Noviçok”la zəhərləyiblər. Məqsəd o olub ki, sui-qəsd başa çatsın, Almaniyaya götürülənə kimi, yaxud götürüləndən az sonra (yolda, yaxud Almaniyada) Navalnı ölsün, həkimlər onu xilas edə bilməsinlər. Amma ilk zəhərlənmə anlarında, Omsk şəhərində təyyarədən endiriləndən sonra həkimlərin Navalnıya vurduğu “Atropin” iynəsi siyasətçinin həyatını xilas edib.
“Atropin” güclü antidot sayılır. Antidot isə zəhərin əksinə təsir göstərən, onun aktivliyini azaldan, onu orqanizmdən çıxaran maddədir. “The Times” qəzetinin iddiasına görə, “Atropin” iynəsindən sonra Navalnı süni koma vəziyyətinə salınıb. Bu vəziyyətdə zəhər qara ciyərdə sürətlə yayıla bilməyib, zəhərin yayılması prosesi tormozlanıb. Ona görə siyasətçi hər iki zəhərlənmədən sağ çıxıb.
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov dekabrın 15-16-na nəzərdə tutulan brifinqlərini təxirə salıb. Kremldə bunun səbəbini Rusiya prezidenti Vladimir Putinin hər il dekabrda keçirdiyi, bu il də dekabrın 17-də baş tutacaq mətbuat konfransına hazırlıqla əlaqələndiriblər. Amm bəzi mənbələr Peskovun mətbuat konfranslarını Rusiya, Avropa və Amerika KİV-lərində Navalnıya sui-qəsdin yeni detalları haqda dərc olunan yazılara görə təxirə saldığını iddia edir. Bildirilir ki, Peskov ona bu yazılarla bağlı sualların veriləcəyindən ehtiyatlanır.
Aleksey Navalnı öz açıqlamalarında başına gələnləri “dövlət terroru” adlandırıb. O bildirib ki, “Noviçok” əməliyyatı Federal Təhlükəsizlik Bürosunun direktoru Aleksandr Bortnikovun da yox, prezident Vladimir Putinin əmri ilə həyata keçirilib. Navalnı vurğulayıb ki, Federal Təhlükəsizlik Bürosu heç vaxt Putindən icazəsiz belə bir əməliyyata cəsarət etməzdi.
Aleksey Navalnı Almaniyanın “Şarite” klinikasında müalicəsini sentyabrın 22-də başa vurub.
Hazırda o, Avropada yaşayır. Navalnının Rusiyaya nə vaxt dönəcəyi bəlli deyil.
1976-cı il təvəllüdlü Aleksey Navalnı 2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Rusiya Birləşmiş Demokrat Partiyasının (“Yabloko”) müxtəlif strukturlarına rəhbərlik edib, korrupsiyaya qarşı mübarizə aparan Moskvalıları Müdafiə Komitəsinin rəhbərlərindən olub, “DA!” gənclər hərəkatının, “Xalq” hərəkatının yaradıcılarındandır. Gələcək Rusiya Partiyasının sədri, Korrupsiya ilə Mübarizə Fondunun rəhbəridir.
Dövlət başçısı Vladimir Putinin ən sərt əleyhdarı kimi ad çıxaran Aleksey Navalnı 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilib. Dəfələrlə inzibati həbs cəzası alıb.
Mənbə: CNN.com