AXCP sədri Əli Kərimli Vətən müharibəsində azad olunmuş ərazilərdə düşmənin baş qaldırması məlumatlarını şərh edib. Novator.az-ın məlumatına görə, partiya lideri özünün “Facebook” səhifəsində yazır ki, Ermənistanın hədəfi Şuşa və Hadrutdur: “Rusiyanın köməyi ilə ən azı bu bölgələri mübahisə obyektinə çevirmək istəyirlər. Şuşanın yaxınlığında icazəli və arxalı erməni partizanların peyda olması şəhər üçün planlaşdırılan təhlükənin ilk addımıdır. Rusiya “sülhməramlılarının” ordumuzun azad etdiyi, Şuşa və Hadrut üçün strateji önəm daşıyan bəzi əraziləri nəzarətə götürmək cəhdləri suverenliyimizə qəsddir və buna imkan verilməməlidir. Rusiya təkbaşına xəritələri dəyişdirib torpaqlarımızı öz nəzarətinə götürə bilməz.
Cəmi bir ay qabaq biz Rusiya Ordusunun Qarabağa qaytarılmasını tənqid edəndə hər yazımız, çıxışımız topa tutulurdu. Biz deyəndə Rusiya Ordusunun sülhməramlı olduğunu hələ görən olmayıb, bu ordu sülhməramlı adı altında girdiyi heç bir ölkədən hələ çıxmayıb, bizi tənqid edirdilər ki, qələbəmizə kölgə salırsınız. Bu gün isə məcbur olub özləri də iqtidar mətbuatında Rusiya “sülhməramlılarını” tənqid edirlər. İctimaiyyətin Rusiya “sülhməramlılarına” onsuz da etibar etmədiyini vurğulayırlar.
“Rusiya Ordusunun Azərbaycana qayıtmasının ölkəmizə yaradacağı təhlükələri vaxtında görüb tənqid edənləri nəyə görə susdurmaq istəyirdiniz” sualını vermirəm. Ancaq etiraf edin ki, siyasət ciddi işdir və arzu olunanın gerçəklik kimi təqdim edilməsi üzərində inşa oluna bilməz.
İndi isə dövlətimizin maraqları tələb edir ki, cəmiyyətin əl-qolunu açasınız. Ölkə vətəndaşları azad olmalı, öz hakimiyyətini də, istənilən xarici qüvvəni də açıq tənqid edə bilməlidir. Demokratik institutlar, güclü müxalifət və vətəndaş cəmiyyəti, azad mətbuat dövlətin həm də xarici təzyiqlərə qarşı immun sistemidir. Bir nəfərin idarə etdiyi ölkələr üçün xarici təzyiqlərə sinə gərmək hər zaman çətin olur. Müxalifəti, vətəndaş cəmiyyətini və azad mətbuatı təcrid edib zəiflətmək, normal parlamentin formalaşmasına imkan verməmək cəmiyyəti və dövləti xarici qüvvələr qarşısında da zəiflədir.
Rusiyanın xəritə dəyişmək, əraziləri nəzarətinə keçirmək cəhdləri hələ başlanğıcdır. Qabaqda bizi artan və çoxvektorlu beynəlxalq təzyiqlər gözləyir. Azərbaycan dövlətinin demokratikləşməsi, güclü cəmiyyət quruculuğu indi həm də milli təhlükəsizlik məsələsidir”.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək istəyi ilə təcavüzə başlayıb. 1991-ci ildə Dağlıq Qarabağ “müstəqil dövlət” elan olunub. Bunun ardınca müharibə alovlanıb. 1994-cü ilin mayında elan olunan atəşkəsə qədər Ermənistan Dağlıq Qarabağı və onun ətrafındakı bölgələri işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi azad olunub.
Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Rusiya prezidenti Vladimir Putinin noyabrın 10-da açıqlanan birgə bəyanatı ilə hərbi əməliyyatlar dayandırılıb.
Dağlıq Qarabağda təmas xətti və Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi boyu Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib.
Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu, dekabrın 1-də Laçın rayonunu Azərbaycana qaytarıb.
Dekabrın 11-də Xocavənd rayonunun iki kəndində erməni silahlı birləşmələri baş qaldırıb, atəşkəs pozulub. Bundan sonra sülhməramlı qüvvələrin ərazini nəzarətə götürdüyü bəyan olunub, Rusiya Müdafiə Nazirliyi buna uyğun xəritə yayıb. Hadrut qəsəbəsindən Şuşa şəhəri istiqamətinə doğru ərazinin nəzarətə götürülməsi barədə məlumat Azərbaycanda narazılıq doğurub. Etirazlardan sonra Rusiyanın Müdafiə Nazirliyi sülhməramlı kontingentin yerləşməsi ilə bağlı xəritəni yenidən əvvəlki vəziyyətinə qaytarıb.