Pandemiya və inauqurasiya. Bayden necə and içəcək? – “ABC News”
- 15 Dekabr 2020
- comments
- Novator.az
- Posted in Dünyanın səsiManşetŞərh
ABŞ-ın “ABC News” kanalının internet səhifəsində ölkənin yeni seçilmiş prezidenti Cozef Baydenin andiçmə mərasiminin necə keçəcəyi haqda material təqdim olunub. “Trampın yoxluğu və COVİD-19 infeksiyası Baydenin inauqurasiyasına necə təsir göstərəcək?” başlıqlı yazının müəllifi Benjamin Siqeldir. Novator.az saytı yazını ingiliscədən tərcümə edərək qısa ixtisarla oxucuların diqqətinə çatdırır.
Koronavirus pandemiyası dövrünə təsadüf etmiş prezident seçkisinin qalibi olan Co Bayden öz seçki kampaniyasını onlayn şəkildə həyata keçirdi və genişmiqyaslı canlı görüşlərin, o cümlədən səfərlərin böyük hissəsi fiziki və sosial məsafəyə əsaslanan tədbirlərlə əvəz olundu.
Bu yaxınlarda mediaya açıqlamasında yeni prezident inauqurasiya mərasiminin analoji modelə əsaslanacağını, yüz minlərlə insanı Vaşinqtona toplayan ənənəvi tədbirdən daha çox yayda keçirilmiş mərasimi – Milli Demokratik Konvensiyanı xatırladacağını bildirib: “Ola bilsin ki, Pensilvaniya prospekti boyunca hərəkət edən nəhəng inauqurasiya paradı olmayacaq. Buna baxmayaraq, düşünürəm ki, Amerikanın bütün ştatlarında əvvəllkindən daha çox insanı bir araya gətirəcək çoxsaylı virtual fəallıq görəcəksiniz”.
Prezident Donald Trampın seçkinin nəticələrini təkidlə inkar etməsi və Baydenin andiçmə mərasimində iştirak edib-etməyəcəyi barədə məlumat verməməsi hakimiyyətin dinc yolla təhvil verilməsi prosesinin ənənəvi şənlik ab-havasını dəyişə bilər.
Bayden öz inauqurasiya komitəsini bu yaxınlarda formalaşdırıb və heyətə bir neçə nəfər əlavə edib. Normal şərtlər daxilində qurumun vəzifəsi inauqurasiya ziyafətlərini, o cümlədən Kapitol Hill məhəlləsindən başlayıb Pensilvaniya prospekti boyunca Ağ evə qədər davam edən paradı təşkil etmək üçün on milyonlarla dollar vəsait toplamaqdan ibarətdir. Qurum Konqreslə əməkdaşlıq şəraitində andiçmə mərasiminin proqramını da hazırlayır.
Vaxtilə Barak Obamanın prezident kimi ilk andiçməsi zamanı inauqurasiya komitəsinin icraçı direktoru olmuş, onun rəhbərliyi dövründə isə Ağ evdə bir neçə vəzifəni icra etmiş Emmet Belivou bildirib ki, bütövlükdə andiçmə mərasimi istənilən şəraitdə yeni administrasiya üçün çətin dövrdür: “İndiki halda pandemiya ilə yanaşı, Tramp administrasiyasının hakimiyyətin təhvil verillməsi prosesini gecikdiriməsi də vəziyyəti gərginləşdirib”.
Emmet Belivou bu sözlərlə Obamanın inauqurasiya mərasiminin təşkili ilə müqayisədə Baydenin komandasının təxminən iki həftə gec qurulmasına eyham vurub. O, səbəb kimi Xüsusi Xidmət Administrasiyasının Baydenin qələbəsini bir neçə həftə ərzində rəsmi olaraq tanımaqdan imtina etməsini göstərib.
Ənənəvi proqramla bağlı suallar
Tikinti briqadaları sentyabr ayından paytaxt Vaşinqton ətrafında andiçmə mərasiminə hazırlaşır.
Kapitol Hill məhəlləsinin qərbində inauqurasiya mərasimi üçün qurulan böyük səhnədə ənənəvi olaraq hər dörd ildən bir 1600 adam, o cümlədən keçmiş prezidentlər, Konqresin üzvləri və Ali Məhkəmənin hakimləri bir araya gəlir.
Tədbirə hazırlıq işlərində iştirak edən şəxslərin sözlərinə görə, sosial məsafənin qorunması məqsədilə gələn ilin yanvarında baş tutacaq andiçmə mərasiminə daha az insanın qatılacağı gözlənilir.
Bayden bugünlərdə deyib ki, o, hələ də Kapitol Hilldən kənarda müəyyən bir mərasimin keçiriləcəyini gözləyir. Bundan əvvəl isə o, andiçmə mərasimində maska taxmayacağını bəyan edib.
Kapitol Hilldə andiçmə mərasiminin təşkilinə cavabdeh olan Nümayəndələr Palatası və Senat üzvlərindən ibarət komitənin spikeri “ABC News” kanalına müsahibəsində bildirib ki, Baydenin komandası ilə əməkdaşlıq edən təşkilatçılar maskaların taxılması, sosial məsafənin saxlanması və COVİD-19 müayinəsinin aparılması kimi şərtləri əhatə edəcək çoxqatlı sağlamlıq və təhlükəsizlik qaydaları tətbiq etməyi planlaşdırırlar. Qrup platformada Baydenin yaxınlığında dayanacq bütün şəxslərin icbari qaydada müayinədən keçirilməsi imkanını nəzərdən keçirir.
Nümayənələr Palatasının və Senatın ofislərinin əksəriyyəti seçiciləri andiçmə mərasimi üçün biletlər haqda sorğu-suala tutsalar da, təşkilatçılar hələ 200 min biletdən neçəsini paylamaq və biletli qonaqların Kapitol Hill ərazisinə qrup halında gəlməsinə icazə verib-verməmək məsələsində bir qərar qəbul etməyiblər.
Hava şəraiti də Baydenin komandası üçün çətinliklər yarada bilər. 1985-ci ildən bəri prezidentlərin hər biri Konqres binasının qərb hissəsində and içsə də, Ronald Reyqan hava şəraitinin əlverişsiz olması səbəbindən ehtiyat məkan olan “Capitol” rotondasında and içməyə məcbur olmuşdı. Pandemiya şəraitində kiçik miqyaslı açıq məkan tədbiri ilə müqayisədə qapalı məkanda keçirilən mərasimdə daha az insan bir araya gəlmiş olur.
Müvafiq tədbirlər görülməzsə, dini ibadət xidmətləri ölkənin müxtəlif yerlərindən axışan insanları bir araya gətirən andiçmə mərasimində və inauqurasiya paradında virusun yayılmasını sürətləndirə bilər.
Yanvarda pandemiya ilə bağlı vəziyyətin qeyri-müəyyən olması Baydenin ən əsas tərəfdarlarından bəzilərinin mərasimə qatılmasına mane olur.
Uzun müddət Baydenin seçki kampaniyasının donoru və tərəfdarı olmuş Floridanın tanınmış hüquqşünası Con Morqan inauqurasiya mərasiminə qatılmayacağını belə izah edib: “Məhz bu mərasim virusun maksimum şəkildə yayılmasına şərait yarada bilər”.
Konqresdəki təşkilatçılar andiçmədən sonra Konqres binasının Milli Heykəl zalında ənənəvi nahar yeməyinin təşkil olunub-olunmaması barədə də hələ bir qərara gəlməyiblər.
Tramp iştirak edib-etməyəcəyini deməyəcək
Hakimiyyəti təhvil verən prezident adətən andiçmə günü səhər Ağ evdə yeni seçilmiş dövlət başçısını qəbul edir və onunla birlikdə mərasimə qatılmaq üçün Kapitol Hillə yola düşür. Son dövrlərin ənənəsinə görə isə eks-prezident andiçmə mərasimindən sonra Konqres binasını helikopterlə tərk edir.
Tramp gələn il yanvar ayının 20-də, yəni andiçmə günü Ağ evi tərk edəcəyini bildirsə də, Baydenin inauqurasiya mərasiminə qatılıb-qatılmayacağını açıqlamaqdan imtina edib. O, bugünlərdə jurnalistlərə açıqlamasında bildirib: “Mən hələ bu barədə nəsə demək istəmirəm”.
İnauqurasiyaların tarixini araşdırmış tədqiqatçı, “Böyük demokratiya günü: Prezidentimizin inauqurasiyası, 1789-2013” adlı kitabın müəllifi Cim Bendatın sözlərinə görə, Tramp öz davamçısının inauqurasiya mərasimində iştirak etməzsə, o, ABŞ tarixində bu cür davranmış dördüncü prezident olacaq.
Prezidentlər Con Adams, Con Kuinsi Adams və Endru Conson öz davamçılarının inauqurasiya mərasimində iştirak etməyiblər. Beləliklə, Tramp 150 ildən sonra belə bir mərasimə qatılmayan ilk prezident olacaq.
Cim Bendat “ABC News” kanalına müsahibəsində deyib: “Biz 150 ildir hakimiyyəti təhvil verən prezidentin andiçmə mərasiminə qatılmamasının şahidi olmamışıq. Ancaq Tramp bu addımı atarsa, heç də tərəfdarlarının düşündüyü qədər misilsiz bir şəxsiyyətə çevrilməyəcək”.
Bayden bu yaxınlarda CNN kanalına müsahibəsində Trampın mərasimdə iştirak edib-etməməsinin onu maraqlandırmadığını deyib. Amma o, sələfinin mərasimdə iştirakının vacib olduğunu da söyləyib və bunu belə izah edib: “Onun yaratdığı xaosun sonunda biz nümayiş etdirmiş olacağıq ki, mübarizə aparan tərəflər sonda bir-birinin əlini sıxıb orada dayananda hakimiyyətin sülh yolu ilə ötürülməsi baş verir”.
Benjamin Siqel
Mənbə: ABCnews.go.com