ABŞ-da prezident seçkisinin daha bir mərhələsi arxada qalıb. Novator.az-ın məlumatına görə, dekabrın 14-də Seçicilər Kollegiyası Demokratlar Partiyasından Cozef Baydeni 306 səslə dövlət başçısı seçib. Respublikaçılar Partiyasının namizədi olan prezident Donald Tramp 232 səs əldə edib.
Noyabrın 3-də keçirilmiş ümumxalq səsverməsində Cozef Bayden 538 nəfərlik Seçicilər Kollegiyasına 306, Donald Tramp 232 nümayəndə keçirmişdi. Qələbə üçün 270 səs kifayətdir.
Prezident seçkisi ilə bağlı yekun qərar Konqresin hər iki palatasının birgə iclasında veriləcək. Həmin iclas 2021-ci il yanvarın 6-na təyin olunub.
Cozef Bayden 1942-ci il noyabrın 20-də Pensilvaniya ştatının Skrenton şəhərində doğulub.
1965-ci ildə Delaver Universitetini tarix və politologiya ixtisasları ilə, 1968-ci ildə Sirakus Universitetinin Hüquq Məktəbini bitirib.
Bir müddət hüquqşünas kimi fəaliyyət göstərən Cozef Bayden 1972, 1978, 1984, 1990, 1996, 2002 və 2008-ci illərdə ABŞ Konqresinin yuxarı palatası olan Senatın üzvü seçilib.
1987-1995-ci illərdə Senatın Məhkəmə Komitəsinə, 2001-2003 və 2007-2009-cu illərdə Xarici Əlaqələr Komitəsinə sədrlik edib.
2009-2017-ci illərdə – Barak Obamanın prezidentliyi dövründə vitse-prezident postunu tutub.
Cozef Baydenin ilk həyat yoldaşı 1972-ci ildə qızı ilə birlikdə avtomobil qəzasında həlak olub. Həmin nikahdan Cozef Baydenin bir oğlu var. Onun digər oğlu 2015-ci ildə vəfat edib.
1977-ci ildə yenidən ailə quran Cozef Bayden ikinci nikahdan bir qız atasıdır.