ABŞ-ın “Vaşinqton Post” qəzetində “Bayden Putinin ABŞ-a qarşı gizli müharibəsini car çəkib deməlidir” başlıqlı məqalə dərc olunub.
Məqalə redaksiya heyəti adından təqdim edilib.
Novator.az-ın məlumatına görə, məqalədə deyilir ki, 2016-cı ildən bəri Kuba və Çində amerikalı diplomatlara, ABŞ kəşfiyyatçılarına qarşı məxfi hücumlar olub. Nəticədə amerikalı diplomatlarda, kəşfiyyatçılarda baş, qulaq ağrıları, qulaqda güclü səs-küy, başgicəllənmə yaranıb, onların görmə, düşüncə qabiliyyətləri zəifləyib, səhhətlərində uzunmüddətli problemlər ortaya çıxıb. Mərkəzi Kəşfiyyat İdarəsinin Avstraliyaya, Tayvana səfər etmiş iki əməkdaşı da eyni xəstəliklərə mübtəla olub.
Məqalədə bildirildiyinə görə, Rusiyanın hərbi kəşfiyyat qrupları ABŞ-ın terror təşkilatı kimi tanıdığı “Taliban” yaraqlılarına gizli şəlildə mükafat vəd edib onları Əfqanıstandakı koalisiya qüvvələrinə, xüsusilə də Amerika əsgərlərinə zərbələr endirməyə yönəldib.
Daha sonra qeyd olunur ki, ABŞ-ın məhşur kibertəhlükəsizlik şirkəti 2016-cı ildə Rusiya hərbi kəşfiyyatının Demokratlar Partiyasının mərkəzi qərargahının kompüterlərinə haker hücumları etdiyini aşkarlayıb.
“Vaşinqtin Post” yazır ki, bütün bu hadisələrin izahsız qalan, çoxlu sual doğuran tərəfləri olsa da, baş verənlər Rusiya prezidenti Vladimir Putinin ABŞ-a qarşı asimmetrik müharibə aparmaq səylərinin bir hissəsi kimi görünür.
Məqalədə deyilir ki, qeyri-adi silahların, radiotezlik şüalanma impulslarının, kiberhücumların tətbiq olunduğu bu müharibə çox dağıdıcı müharibədir.
“Vaşinqtin Post”un rəyinə görə, geniş mənada Putinin siyasi hədəfi amerikalıların Əfqanıstandan qovulmasına nail olmaq, ABŞ-dakı seçkiləri pozmaq, ABŞ-Kuba münasibətlərinə əngəl törətmək ola bilər. Yaxud onun hücumlarının kökündə Amerikanın kibertəhlükəsizliyini zəiflətmək, ölkə xaricində fəaliyyət göstərən diplomatlara, kəşfiyyat mənsublarına əzab vermək kimi taktiki məqsədlər də güdülə bilər.
Məqalədə bildirilir ki, hansısa naməlum səbəblərdən ABŞ prezidenti Donald Tramp heç vaxt Putinlə onun bu çirkli oyunları barədə danışmayıb.
“Vaşinqton Post” hesab edir ki, indi bunu yeni seçilmiş prezident Cozef Bayden etməlidir. Bayden Putini başa salmalıdır ki, o, Rusiya kəşfiyyatçılarının xaricdə amerikalılara qarşı törətdiyi bu və ya digər hücumlara səssiz qalmayacaq, bunlara dözməyəcək və Rusiyanın istənilən hücumuna cavab veriləcək.
Redaksiya məqaləsinin sonunda vurğulanır ki, Kremlin qara əməliyyatlarını açıb ortalığa qoymağın vaxtı yetişib və ABŞ-ın yeni prezidenti bunu etməlidir.
Mənbə: Washingtonpost.com