Dekabrın 14-də Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısını yayıb. Siyahıda 2756 nəfər var.
Rəsmi hesabata görə, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək aparılmış Vətən müharibəsində Silahlı Qüvvələrin 2783 hərbi qulluqçusu şəhid olub.
İtkin düşmüş sayılan hərbi qulluqçuların tapılması və şəxsiyyəti müəyyən olunmayan şəxslərin tanınması işləri davam etdirilir.
Ermənistan 1988-1994-cü illərin hərbi təcavüzündə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və onun ətrafındakı bölgələri ələ keçirib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi azad olunub.
Noyabrın 10-da hərbi əməliyyatlar dayandırılıb.
Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu, dekabrın 1-də Laçın rayonunu Azərbaycana qaytarıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsi işğalda qalır.