Erməni əsirliyində və girovluğunda olan Azərbaycan vətəndaşları, o cümlədən 2014-cü ilin iyulundan erməni girovluğunda saxlanan Şahbaz Quliyev və Dilqəm Əsgərov azad ediliblər.
Məlumatı Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası yayıb.
Komissiya bildirib ki, əsir və girovlar, o cümlədən Şahbaz Quliyev və Dilqəm Əsgərov Azərbaycan, Rusiya və Ermənistan liderlərinin bu il noyabrın 9-da imzaladıqları bəyanatdan irəli gələn öhdəliklər əsasında azad ediliblər.
Komissiyanın açıqlamasına görə, Azərbaycan tərəfi həmin bəyanata və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq müharibə vaxtı əsir götürülmüş erməni hərbçilərinin hüquqlarının təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələri ardıcıl olaraq yerinə yetirib. Əsir düşmüş ermənilər barədə məlumatlar müntəzəm Beynəlxalq Qızıl Xaç Komitəsinə və Rusiya Sülhməramlı Qüvvələrinə təqdim olunub, birtərəfli qaydada onların bir hissəsi azad edilib. Azərbaycanda olduqları müddətdə həmin əsirlərə zəruri tibbi xidmət və ləyaqətli davranış göstərilib, onlara ailələri ilə əlaqə saxlamaq imkanı yaradılıb və digər hüquqları təmin olunub.
Eyni zamanda komissiya döyüşlər zamanı əsir düşmüş və ya girov götürülmüş Azərbaycan vətəndaşlarının vətənə qaytarılması məsələlərini daim diqqət mərkəzində saxlayıb, Beynəlxalq Qızıl Xaç Komitəsi, Rusiya Sülhməramlı Qüvvələri və digər beynəlxalq təşkilatlarla fasiləsiz olaraq danışıqlar aparılıb və bütün mümkün başqa tədbirlər həyata keçirilib: “Beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub. Bu il dekabrın 14-dən əsir və girovların qarşılıqlı qaytarılmasına başlanıb. Günorta saatlarında Azərbaycan vətəndaşları olan əsir və girovların, o cümlədən 2014-cü ilin iyulundan erməni girovluğunda saxlanan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilib. Müvafiq karantin tədbirləri həyata keçirildikdən sonra azad olunmuş şəxslər ailələrinə qovuşacaqlar”.
Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası Azərbaycan tərəfinin bundan sonra da humanizm prinsiplərini rəhbər tutaraq əsirlərin, girovların və meyitlərin dəyişdirilməsi üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyini bəyan edir.
Novator.az xatırladır ki, 1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək istəyi ilə təcavüzə başlayıb. 1991-ci ildə Dağlıq Qarabağ “müstəqil dövlət” elan olunub. Bunun ardınca müharibə alovlanıb. 1994-cü ilin mayında elan olunan atəşkəsə qədər Ermənistan Dağlıq Qarabağı və onun ətrafındakı bölgələri işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi azad olunub.
Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Rusiya prezidenti Vladimir Putinin noyabrın 10-da açıqlanan birgə bəyanatı ilə hərbi əməliyyatlar dayandırılıb.
Dağlıq Qarabağda təmas xətti və Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi boyu Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib.
Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu, dekabrın 1-də Laçın rayonunu Azərbaycana qaytarıb.
Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr bəyanatında hərbi əsirlərin, girovların və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsinin həyata keçirilməsi məsələləri də əksini tapıb.
Aərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü il iyulun 11-də o zaman işğal altında olan Kəlbəcər rayonunda valideynlərinin məzarlarını ziyarət edərkən girov götürülmüşdülər. Onların yanında olan Həsən Həsənov isə qətlə yetirilmişdi. Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış separatçı Dağlıq Qarabağ rejimi Dilqəm Əsgərovu ömürlük, Şahbaz Quliyevi 22 il müddətinə azadlıqdan məhrum etmişdi.
Hazırda Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsi işğalda qalır.