Milli Məclisin 11 dekabr iclasında prezident İlham Əliyevin fərmanı təsdiqlənib. Sənəd dekabrın 12-dən Azərbaycanda hərbi vəziyyətin ləğvini nəzərdə tutur.
Azərbaycan ərazisində hərbi vəziyyət bu il sentyabrın 27-də, Qarabağ döyüşləri başlayanda elan edilib. Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında axşam saat 9-dan səhər saat 6-dək komendant saatı tətbiq olunur.
1988-1994-cü illərin təcavüzündə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və onun ətrafındakı bölgələri işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi azad olunub.
Noyabrın 10-da hərbi əməliyyatlar dayandırılıb.
Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu, dekabrın 1-də Laçın rayonunu Azərbaycana qaytarıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsi işğalda qalır.