Pakistanlı hərbçi, istefada olan general-mayor İnam ül-Həqq “The Express Tribune” qəzetində sonuncu Ermənistan-Azərbaycan müharibəsindən yazıb.
“The Express Tribune” Pakistanda ingilis dilində nəşr olunan gündəlik qəzetdir.
Novator.az-ın məlumatına görə, general-mayor İnam ül-Həqq “Azərbaycanın Dağlıq Qarabağda qələbəsi – çiçəklənmə dövrü” adlı məqaləsində bildirib ki, Azərbaycan son müharibədə görünməmiş bir qələbəyə imza atıb.
Generalın yazdığına görə, “çağdaş hərb tarixində ilk dəfədir müsəlman qüvvələri döyüş meydanında bu cür inamlı qələbə qazanır”.
Məqaləsində Qarabağın, Qarabağ münaqişəsinin tarixinə, 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən müharibənin qısa xronologiyasına nəzər yetirən pakistanlı general Azərbaycan Silahlı Qüvvələrinin üstünlüklərindən, məxsusi olaraq Azərbaycanın döyüşlərdə istifadə etdiyi pilotsuz uçuş aparatlarından bəhs edib.
Daha sonra o, noyabrın 9-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin qəbul etdiyi birgə bəyannamənin məzmununu, Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi məsələlərini şərh edib.
General-mayor İnam ül-Həqqin fikrincə, sonuncu Qarabağ müharibəsinin nəticələri Qafqazda qüvvələr balansını dəyişib, həm də müharibədə bahalı müasir texnologiyalardan istifadənin əhəmiyyətini nümayiş etdirib.
Müəllifin sözlərinə görə, müsəlman ölkəsi olan Azərbaycan bu müharibədə uğurla güc tətbiq edərək illər öncə uğradığı ziyanı aradan qaldıra bilib.
İnam ül-Həqq hazırda regionda qüvvələr balansının daha çox Rusiyanın xeyrinə dəyişdiyi fikrindədir.
Novator.az xatırladır ki, 1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək istəyi ilə təcavüzə başlayıb. 1991-ci ildə Dağlıq Qarabağ “müstəqil dövlət” elan olunub. Bunun ardınca müharibə alovlanıb. 1994-cü ilin mayında elan olunan atəşkəsə qədər Ermənistan Dağlıq Qarabağı və onun ətrafındakı bölgələri işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi azad olunub.
Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Rusiya prezidenti Vladimir Putinin noyabrın 10-da açıqlanan birgə bəyanatı ilə hərbi əməliyyatlar dayandırılıb.
Dağlıq Qarabağda təmas xətti və Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi boyu Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib.
Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu, dekabrın 1-də Laçın rayonunu Azərbaycana qaytarıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsi işğalda qalır.
Mənbə: Tribune.com.pk