Vüqar Gülməmmədov yenidən Hesablama Palatasının sədri təyin olunub. Qərar parlamentin 11 dekabr iclasında Milli Məclis sədrinin təqdimatı ilə qəbul edilib.
Novator.az bildirir ki, Hesablama Palatası Milli Məclisin yaratdığı, kənar dövlət maliyyə nəzarətini həyata keçirən ali audit orqanıdır. Qurumun icmal büdcənin, o cümlədən dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə və icrasına rəy vermək səlahiyyətləri də var.
Palata sədr, sədr müavini və 5 auditordan ibarətdir. Üzvlərin səlahiyyət müddəti 7 ildir, onlar Milli Məclis sədrinin təqdimatı əsasında təyin edilirlər.
1971-ci il aprelin 3-də Bakı şəhərində doğulan Vüqar Gülməmmədov Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur.
Suraxanı Maşınqayırma Zavodunda tərcüməçi, Suraxanı Rayon Səhiyyə Şöbəsində baş mühasibin müavini, baş mühasib vəzifələrində çalışıb.
Suraxanı Rayon Maliyyə Şöbəsinin (İdarəsinin) müfəttişi, rəis müavini, şöbə müdiri, Səbail Rayon Maliyyə İdarəsinin rəis müavini, şöbə rəisi, Binəqədi Rayon Maliyyə İdarəsinin rəis müavini, sektor rəisi, Yasamal Rayon Maliyyə İdarəsinin rəis müavini, sektor rəisi olub, Hesablama Palatasının iki şöbəsinə müdirlik edib, 22 noyabr 2013-cü ildə sədr postuna təyinat alıb.