Türkiyə Rusiyadan koronavirus vaksini almayacaq. Bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca “HaberTürk” qəzetinin yazarı Fateh Altaylıya müsahibəsində deyib.
Novator.az-ın məlumatına görə, nazir bildirib ki, Rusiyada istehsal olunan vaksin “Etibarlı laboratoriya praktikası” (beynəlxalq standartdır; ingiliscə: “Good laboratory practice” – GLP) şərtlərinə cavab verməyib: “Rusiya bu işin öhdəsindən gələ bilmədi. Bu səbəbdən Dünya Səhiyyə Təşkilatının və dünya ölkələrinin bu vaksini alması mümkün deyildi. Bizdə də bu vaksinə lisenziya verilməsi mümkün deyil. Ona görə Rusiya vaksini artıq bizim maraq dairəmizdən çıxıb”.
Fəxrəddin Qoca deyib ki, Türkiyə dövləti bu aydan ölkədə koronavirusa qarşı kütləvi vaksinasiyaya başlamağı, gələn ilin yayınacan 50 milyon vətəndaşın peyvənd olunmasını planlaşdırır.
Peyvəndləmə zamanı bir nəfərə fasilələrlə iki dəfə, yəni iki dozada vaksin vurulduğuna görə 50 milyon adamı peyvənd etdirmək üçün 100 milyon dozada vaksin lazımdır.
Fəxrəddin Qoca artıq 50 milyon doza vaksin almaq üçün Çinin “Sinovac” şirkəti ilə müqavilə bağlandığını, daha 25 milyon dozada vaksin almaq üçün isə ABŞ-ın “Pfizer” və Almaniyanın “BioNTech” şirkətləri ilə danışıqlar aparıldığını bildirib.
Novator.az xatırladır ki, Çinin “Sinovac” şirkətinin koronavirus əleyhinə vaksini “CoronaVac” adlanır.
“Pfizer” və “BioNTech” şirkətlərinin birgə hazırladığı vaksinin adı mediada əsasən “Pfizer”-“BioNTech” kimi hallanır. Bu vaksini türk alimləri Uğur Şahin və onun həyat yoldaşı Özləm Türəci kəşf ediblər.
Uğur Şahin və Özləm Türəci Almaniyada yaşayırlar, “BioNTech” şirkətinin sahibirlər. Uğur Şahin həm də “BioNTech”in baş direktoru, Özləm Türəci isə baş həkimidir.
“Pfizer” şirkəti koronavirus əleyhinə vaksinin hazırlanması prosesində əsasən hüquqi, texniki, maliyyə işlərini həyata keçirir. Birbaşa laborator şəraitdə vaksini hazırlayan, kəşf edən Uğur Şahin-Özləm Türəci cütlüyü, onların başçılığı altında çalışan alimlər qrupudur.
Artıq Böyük Britaniyada “Pfizer”-“BioNTech” vaksininə rəsmi lisenziya verilib və bu vaksinlə əhalinin kütləvi peyvəndlənməsinə başlanıb.
İndiyədək Rusiyada koronavirus əleyhinə iki vaksin hazırlanıb: “Sputnik V” və “EpiVacCorona”.
Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca “HaberTürk”ə müsahibəsində konkret ad çəkməsə də, onun ilk növbədə “Sputnik V” vaksinindən danışdığı bəllidir.
Rusiya “Sputnik V” vaksininin klinik sınaqlardan uğurla keçdiyini, könüllülərə vurularkən 95 faiz effekt verdiyini bəyan edib. Bəzi alimlər bu bəyanata şübhə ilə yanaşsalar da, dekabrın 2-də Rusiya prezidenti Vladimir Putin ölkədə “Sputnik V” vaksini ilə kütləvi peyvəndləməyə başlamağı tapşırıb.
Vaksin sınaqları hələ bitmədiyindən indiki mərhələdə Rusiyada yalnız koronavirusa yoluxma riski yüksək olanlara peyvənd vurulması qərara alınıb.
Hazırda Rusiyada xroniki xəstəlikləri olmayan 61 yaşadək şəxslərə, onların da arasında ilk növbədə səhiyyə, təhsil işçilərinə, sosial sektorda çalışanlara “Sputnik V” vaksini ilə peyvənd olunmaq təklif edilir.
Rusiyada peyvənd vurdurmaq könüllüdür. “Sputnik V” vaksini ölkə vətəndaşları üçün pulsuzdur.
Türkiyə rəsmiləri pandemiyanın ilk dönəmində əsasən Rusiya və Çin vaksinlərinə maraq göstərdiklərini bildirirdilər. Həmin dövrdə Türkiyənin Rusiyadan koronavirus əleyhinə peyvənd ala biləcəyi də deyilirdi.
2019-cu ilin dekabr ayında Çində üzə çıxıb dünyanı bürüyən koronavirus infeksiyası 196 ölkə, ərazi və məkanda 1 milyon 573 mindən çox adamın ölümünə səbəb olub.
Türkiyədə bu infeksiyadan ölənlərin sayı 16 minə yaxınlaşıb.
Mənbə: Haberturk.com